RU

Ziyad Səmədzadə haqlıdırmı? - Neft sənayesi...


Firdovsi Şahbazov: “Qəti şəkildə neft sənayesinin özəlləşməsinə getmək olmaz”

Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf mərhələsindədir. Ona görə də biz çıxışlarımızda bu amillərə bir qədər diqqət etməliyik. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusuna həsr edilən konfransında deputat Ziyad Səmədzadə deyib.

Deputat bildirib ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, bu gün iqtisadi müstəqillikdən, inkişafdan və torpaqlarımızın azadlığından danışa bilməzdik: “1995-1996-cı ildə ölkəmizdə özəlləşmə siyasəti həyata keçiriləndə bəziləri deyirdi ki, gəlin, hər şeyi özəlləşdirək, dağıdaq. Amma o vaxt bunun qarşısını ala bildik. Çünki elə sahələr var ki, onun özəlləşdirilməsinə yol vermək olmaz”.

Ziyad Səmədzadə hesab edir ki, Azərbaycanda neft sənayesinin özəlləşdirilməsinə heç vaxt imkan verilə bilməz: “Bəzən iqtisadiyyatda liberallaşmadan danışılır. Amma liberallaşma dövlətin iqtisadi müstəqilliyinə ziyan vurur. Çünki liberallaşma laqeydlikdir. Biz isə idxalı və daxili bazarı qorumalıyıq”.

Nəzərə almaq lazımdır ki, Dövlət Neft Şirkəti ölkə iqtisadiyyatının lokomotividir. İcbari sığorta, bir sıra digər fondlar bunun hesabına maliyyələşir. SOCAR özəlləşdirilsə, sözügedən fondlar bundan məhrum olacaq. İkincisi, özəlləşdirilsə burada kimlərin iştirak edəcəyi bəlli deyil. Məsələn, Ramiz Mehdiyev kimi hansısa məmurlar qoyarmı ki, neft sektorunun özəlləşməsindən kiməsə pay düşsün?

Maraqlıdır, bəs ekspertlər neft sənayesinin özəlləşdirilməsinə necə baxır?

“Biz keçmiş təcrübədən ciddi nəticə çıxarmalıyıq”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad elmləri üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, qəti şəkildə neft sənayesinin özəlləşməsinə getmək olmaz: “Ona görə ki, Azərbaycanın ixrac gəlirlərinin 90 faizindən çoxu neft və qaz satışı hesabına formalaşır. Büdcənin formalaşmasında neft gəlirləri, Dövlət Neft Fondundan trasfertlər mühüm çəkiyə malikdir. İndiyə qədər əldə edilən nailiyyətlər neftin hesabına olub. İnfrastruktur yenidən qurulub, strateji valyuta gəlirləri formalaşdırılıb və s. Biz keçmiş təcrübədən ciddi nəticə çıxarmalıyıq. 2015-ci ildə Beynəlxalq Bankda milyardlarla vəsait mənimsənildi və dövlətimiz böyük zərərə məruz qaldı. Ona görə də, belə bir risqə getmək olmaz. Ən azından ona görə ki, dövlət büdcəsində neft-qaz gəlirləri ciddi çəkiyə malikdir. Zəmanət varmı ki, neft sənayesinin özəlləşdirilməsi ciddi problemlərə gətirib çıxarmayacaq? O baxımdan hesab edirəm ki, Z.Səmadzadənin fikirləri haqlıdır. Başqa bir tərəfdən, adətən zərərlə işləyən sahələri özəlləşdirirlər. Neft sektoru ki zərərlə işləmir, əksinə, gəlirlə işləyir. Ən önəmlisi isə, Azərbaycan iqtisadiyyatının drayveridir. Bu sahənin özəlləşdirilməsi risqli nəticələr doğura bilər”.

Vidadi ORDAHALLI

Избранный
99
baki-xeber.com

1Источники