BAKI, 25 oktyabr. TELEQRAF
Kolumbiya prezidenti Qustavo Petro ABŞ Maliyyə Nazirliyinin ölkədə kokain istehsalının artması ilə bağlı bəyanatını təkzib edib.
Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə "X" hesabında paylaşım edib.
“ABŞ Maliyyə Nazirliyinin dedikləri yalandır. Mənim hakimiyyətim dövründə kokain istehsalı artmayıb, əksinə, administrasiyam tarixdə ən çox kokain müsadirə edib”, - Petro bildirib.
Prezident əlavə edib ki, onun dövründə kokain əkini sahələrinin artım tempi əhəmiyyətli dərəcədə azalıb. Əvvəlki hakimiyyət dövründə bu rəqəm 230 min hektara çatmışdı. Petro qeyd edib ki, artım 2022-ci ildə 42%-dən 13%-ə, 2023-cü ildə 9%-ə, 2024-cü ildə isə 3%-ə enib.
Onun sözlərinə görə, 2024-cü ildə 260 min hektar sahədən təxminən 80 min hektar artıq üç ildən çoxdur istifadəsiz qalıb, daha 22 min hektar isə kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi üçün istifadə olunub.