RU

ZƏFƏR gündəliyi 

Qubadlı müjdəsi

İlham ƏLİYEV: "Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz"

25 oktyabr

Oktyabrın 25-də cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndiriblər.

Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə atəşlə ciddi zərbə vurub onun müqavimətini zəiflədərək müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib. Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 2 tank,  2 PDM, 4 D-30 haubitsa topu, 1 2A36 "Qiasint-B" topu, 7 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Ordumuz yüksəkdəqiqlikli silah növünü tətbiq edib

Azərbaycan Ordusu düşmənə qarşı yüksəkdəqiqlikli silah növünü tətbiq edib.

Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə ordumuzun bölmələri üstünlüyünü qoruyub.

Aparılan uğurlu döyüş əməliyyatları zamanı düşmənin 2 artilleriya qurğusu, 2 BM-21 "Qrad", 1 komanda qərargah maşını, 1 komanda idarəetmə məntəqəsi, 2 yük maşını, 1 tank və bir neçə atəş nöqtəsi məhv edilib.

Qubadlıda düşmənin 50 nəfərədək canlı qüvvəsi məhv edilib

Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.

Ələ keçirilən hərbi qənimətlərin görüntüləri təqdim edilib.

İlham ƏLİYEV: "Azərbaycan bu haqq savaşında istəyinə nail olmadan dayanmayacaq"

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının "Fox-News" televiziya kanalına müsahibə verərək bir daha Azərbaycanın savaşı dayandırmağa hazır olduğunu bildirib: "Biz bu gün atəşkəsi razılaşdırmağa hazırıq. Lakin eyni zamanda Ermənistan, onun baş naziri deməlidir ki, onlar Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiqdir. İki gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur. Biz atəşkəs istəyirik, biz torpaqlarımızın qaytarılmağını istəyirik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o, bunu demir".

Prezident bir daha həqiqətləri açıqlayıb, bəzi iftiralara aydınlıq gətirib və qətiyyətlə vurğulayıb ki, Azərbaycan bu haqq savaşında istəyinə nail olmadan dayanmayacaq.

Həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

Bir aya yaxın davam edən müharibədə Azərbaycan Ordusunun döyüş meydanında böyük uğurlar əldə etdiyini söyləyən Ali Baş Komandan İlham Əliyev hər gün cəbhədən yaxşı xəbərlər gəldiyini deyib. Eyni zamanda diqqətə çatdırıb ki, vəziyyət tam nəzarət altındadır.

İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilib, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan təmizlənib. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı dalğalanır: "Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib, artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını dəstəkləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir".

Ali Baş Komandan bir daha Azərbaycan xalqını əmin edib ki, bundan sonra da haqq yolundan dönməyəcək, düşmən sona qədər qovulacaq, ərazi bütövlüyümüz bərpa ediləcək.

Düşmənin 6 D-30, 1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası məhv edilib

Günün ikinci yarısında cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənə dəqiq zərbələr endiriblər.

Zərbələr nəticəsində düşmənin 6 D-30 və 1 D-1 haubitsa topu, 2 PDM-2 zirehli texnikası, 1 avtomobil texnikası və xeyli sayda döyüş sursatı məhv edilib.

Prezident xalqa daha bir xoş xəbər verib

Axşam saatlarında Prezident xalqa daha bir xoş xəbər verib. Dövlət başçısı "X" səhifəsində paylaşım edərək yazıb: "Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! 

Qarabağ Azərbaycandır!"

26 oktyabr

Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08:00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhəboyu tam riayət edib.

Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub. Saat 08:05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini və Tərtərin, Ağdamın kəndlərini artilleriya atəşinə tutub.

Mehriban ƏLİYEVA: "Hər bir qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı sayəsində mümkün olur"

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndlərinin və Qubadlı şəhərinin işğaldan azad edilməsi ilə əlaqədar rəsmi "İnstaqram" səhifəsində paylaşım edib:

"Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edildi! Bu münasibətlə bütün xalqımıza səmimi təbriklərimi çatdırıram! Hər bir yeni qələbənin əldə edilməsi əsgərlərimizin qəhrəmanlığı, şücaəti, cəsarəti, igidliyi və mətanəti sayəsində mümkün olur. Onların hər birinə hədsiz dərəcədə minnətdaram! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"

İlham ƏLİYEV: "Düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq"

Prezident İlham Əliyev xalqa növbəti dəfə müraciətlə Azərbaycan Ordusunun düşməndən azad etdiyi məntəqələrin siyahısını elan edib: 

"Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!"

Prezident deyib ki, azad edilmiş məntəqələrdə bir şey qalmasa da, Azərbaycan  öz doğma yurd yerlərini yenidən bərpa edəcək. Buna Azərbaycan xalqının da, dövlətinin də gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın: "Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!

Mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

İrəvanın növbəti uydurması ifşa edilib

"Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır".

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, tam əksinə, günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.

İlham Əliyev Ermənistana çıxış yolu göstərib

Prezident İlham Əliyev İtaliyanın "Rai-1" televiziya kanalına müsahibə verərək Ermənistanın növbəti təxribatlarını açıqlayıb. 

Prezident deyib ki, atəşkəs hər dəfə Ermənistan tərəfindən pozulur. Bunun xronologiyası da var: "Onlar təyin edilmiş atəşkəs saatından düz 2 dəqiqə sonra atəşkəsi pozdular. Bu gün saat 08:00-dan yeni atəşkəs qüvvəyə minib. İndi Bakıda səhər saat 10:00-dır. Saat 8-dən təxminən 3-4 dəqiqə sonra Tərtər şəhərinə yenidən bir neçə mərmi atılıb. Biz buna cavab vermirik. Ümid edirik ki, bu, təsadüfən olub. Lakin əgər bu davam etsə, təbii ki, biz adekvat cavab verməyə məcbur olacağıq". 

Dövlət başçısı bir daha sülh razılaşmasının hansı şərtlər əsasında mümkün ola biləcəyini açıqlayıb. Bildirib ki, Ermənistan tərəfindən də xoş məram göstərilməlidir. Əgər belə olsa, Azərbaycan Prezidentinin dediyi olacaq: "Əgər olmasa, biz hər bir halda bu torpaqları qaytaracağıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyin bahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yolu ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistan rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır".

Düşmən Tərtərə "Smerç" atıb

Saat 18:15-də düşmən "Smerç" yaylım-atəşli reaktiv sistemindən Tərtər şəhərini atəşə tutub. Dağıntılar və yaralananlar olub.

Qubadlının kəndlərindən videogörüntülər yayımlanıb

 

Müdafiə Nazirliyi işğaldan azad olunmuş Qubadlı şəhərindən və rayonun Xanlıq, Padar kəndlərindən videogörüntülər yayıb.

27 oktyabr

Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 26-sı gün ərzində və 27-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Hücum etmək cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturdulub.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da olub.

Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd "Osa-AKM" ZRK, 1 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Ermənistan təxribat xarakterli məlumat yayıb

Ermənistan yalan məlumat yayaraq sərhəd zastavasının vurulduğunu iddia edib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilib ki, Ermənistanın guya Azərbaycana məxsus PUA və raket-artilleriya sistemlərindən istifadə etməklə onların  ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır: "Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir. Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq, Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutub".

Bərdəyə "Smerç" atılıb, 4 nəfər dünyasını dəyişib, 7 nəfər yaralanıb

Yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhəri və rayonun kəndlərini, eləcə də Goranboy və Bərdə rayonlarının ərazilərini raket atəşinə tutub.

Saat 16:00 radələrində Ermənistan silahlı qüvvələri Bərdə rayonu ərazisini "Smerç" yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutub. Nəticədə 4 nəfər dünyasını dəyişib, 7 nəfər yaralanıb. Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayəti nəticəsində mülki şəxslər, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla xeyli sayda mülki şəxs xəsarət alıb.

Birinci vitse-prezident Mehriban Əliyeva dünya birliyinə səslənib

"Bərdə ərazisinin "Smerç" yaylım atəşli reaktiv sistemləri ilə atəşə tutulması, insan tələfatı hər kəsi kədərləndirir". 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" hesabında paylaşım edərək yazıb: "Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar. "Smerç" qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb.

Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun? Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram. Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.

Uca Tanrı Vətənimizi qorusun!"

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb. Qeyd edilib ki, yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhəboyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görüb.

Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradıb: "Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tamhüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir.

Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmək hüququna malikdir". 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Избранный
143
azerbaijan-news.az

1Источники