RU

ABŞ hərbçiləri noyabrın ortasından maaş ala bilməyəcək

Şatdaunun yaratdığı maliyyə böhranı ABŞ hökumətinin fəaliyyətini iflic edir...

ABŞ-nin maliyyə naziri Skott Bessent hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) uzandığı təqdirdə, Amerika hərbçilərinin noyabrın 15-dək maaş ala bilməyəcəyini bildirib.

Poliqon xəbər verir ki, bu barədə CBS News telekanalı məlumat yayıb.

Nazirin sözlərinə görə, hazırda hökumət müəyyən müddət üçün maliyyə axınını təmin edə bilər, lakin bu imkan uzunmüddətli deyil. “Düşünürəm ki, noyabrın əvvəlində hələ maaşları ödəyə biləcəyik, lakin 15-nə qədər ordumuzda xidmət edən, həyatını təhlükəyə atan hərbçilər artıq maaş ala bilməyəcəklər,” – deyə Bessent vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl prezident Donald Tramp Müdafiə Nazirliyinə (Pentaqona) ötən maliyyə ilindən qalan təxminən 8 milyard dollarlıq vəsaiti tədqiqat və inkişaf fondlarından ayıraraq hərbçilərin maaşlarının ödənilməsi üçün müvəqqəti tədbir kimi istifadəsini tapşırmışdı. Lakin ekspertlərin fikrincə, bu qərar qısa müddətlik həll variantıdır və uzunmüddətli maliyyə sabitliyi təmin etmir.

Bessent Demokrat Partiyanı hökumətin işinin bərpasını ləngitməkdə günahlandırıb. Onun sözlərinə görə, “demokratlar xalqın rifahını deyil, öz ilkin seçkilərini düşünürlər”. Nazir bunu “böyük biabırçılıq” adlandırıb.

Hazırda Konqresdə demokratlarla respublikaçılar arasında hökumətin maliyyələşdirilməsi ilə bağlı kəskin fikir ayrılığı davam edir. Demokratlar hökumət fəaliyyətinin bərpası üçün şərt olaraq tibbi sığorta subsidiyalarının uzadılmasını tələb edir, respublikaçılar isə bu məsələnin yalnız hökumətin işinin bərpasından sonra müzakirə oluna biləcəyini bildirirlər.

Poliqon.info

Избранный
79
poliqon.info

1Источники