RU

"Azəri Med"ə daha bir milyonluq müqavilə verildi - Səhiyyə sektorunun "tender kralı"

BAKI, 27 oktyabr. TELEQRAF

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yeni tibbi avadanlıqlar alınacaq.

Teleqraf xəbər verir ki, Mərkəz bununla bağlı "Azəri Med" Qapalı Səhmdar Cəmiyyət ilə 1 milyon 366 min 251 manatlıq müqavilə imzalayıb.

Müqavilənin şərtlərinə əsasən, Mərkəz bu qiymətə işarələr proyektoru, əməliyyat mikroskopu, anesteziya cihazı, şırınqa pompası, oftalmoloji 3D optik koherent tomoqrafiya cihazı, hematoloji analizator və digər bir sıra tibbi avadanlıqlar alacaq.

Qeyd edək ki, İnnovasiya və Təchizat Mərkəzi oktyabrın 11-də tibb müəssisələri üçün sərfiyyat malları və ləvazimatları almaq məqsədilə "Azəri Med" QSC ilə 4,8 milyon, sentyabrda isə Yeni Klinikada istifadə üçün nəzərdə tutulmuş laboratoriya testlərinin alınması üçün 10 milyon 640 min 98 manat dəyərində müqavilələr imzalayıb.

Milli Onkologiya Mərkəzi də bu il ərzində tibbi və digər avadanlıqların cari təmiri işləri, təmiri xidmətlərinin, tibbi avadanlıqların satın alınması ilə bağlı "Azəri Med" ilə dəyəri 5 milyon manatdan çox olan iki müqavilə bağlayıb.

Bakı Sağlamlıq Mərkəzinin də növəti ilin iyun ayına qədər laboratoriya tibbi sərf mallarının satınalınması ilə bağlı “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşıb. Bunun üçün “Azəri Med”-ə 1 milyon 190 min 727 manat ödənib.

Xatırladaq ki, ötən ilin sentyabrında imzalanan müqaviləyə əsasən Bakı Sağlamlıq Mərkəzi hazırda da tibbi sərf mallarını “Azəri Med”dən alır. Bu müqavilənin dəyəri isə 8 milyon 600 min 332 manatdır. 2022-ci ildə eyni məqsədli müqavilə 9 milyon 791 min 230 manat təşkil edib.

Satınalmaların təhlili göstərir ki, "Azəri Med" ilin əvvəlindən ayrı-ayrı dövlət müəssisələri ilə 22 satınalma müqaviləsi bağlayıb.

“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” bu ilin mayında “Azəri Med” ilə imzaladığı müqaviləyə əsasən, 2026-cı ilin eyni dövrünə qədət “Naxçıvan Muxtar Respublika Xəstəxanası” PHŞ üçün dərman və sarğı ləvazimatları satın alacaq. Bunun üçün şirkətə 1 milyon 127 min 419 manat ödənilib.

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası ilə bağlanılan müqaviləyə əsasən isə klinika 2025-ci ilin mayından növbəti ilin müvafiq dövrünə qədər "Azəri Med" 1 milyon 189 min 814 manat dəyərində dərman preparatları alacaq.

2024-cü ildə qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 10 min manatdır. Hüquqi sahibi Famil Rəhimli olan bu QSC 2020-ci ilə qədər 10 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərib. Həmin il QSC-nin nizamnamə kapitalı 1020 manata, bir iki ay sonra isə 10 min manata yüksəlib. Elə bu tarixdən “Azəri Med” milyonluq dövlət tenderlərinin qalibi statusuna yüksəlib.

Избранный
79
teleqraf.com

1Источники