RU

ISW: Gerasimov Putini aldadır

BAKI, 27 oktyabr. TELEQRAF

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Prezident Vladimir Putinə cəbhədəki vəziyyətlə bağlı yalan məlumatlar verir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) Rusiya liderinin hərbi komandanlıqla açıq görüşünə istinadla məlumat yayıb.

Dünən Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun hesabatını dinləyib. ISW-yə görə bu hesabatda təsvir olunan vəziyyət reallıqdan əhəmiyyətli dərəcədə fərqlidir.

“Gerasimov iddia edib ki, (çox güman yalandır) Rusiya qoşunları Pokrovsk istiqamətində 5500-ə qədər ukraynalı hərbçini mühasirəyə alıb və Pokrovsk və Mirnoqrad yaxınlığında 31 ukraynalı batalyondan ibarət qrupun qarşısını alıb”, - mənbə qeyd edib.

Gerasimov bildirib ki, o, Rusiya qoşunlarına ərazidə mühasirəyə alınmış Ukrayna qüvvələrini məhv etməyi əmr edib. Bundan əlavə, Rusiya Baş Qərargahının rəisi Putinə məlumat verib ki, 68-ci Motoatıcı Diviziyasının hücum bölmələri cinahdan manevr etdikdən, Kupyanskın cənubundakı Oskil çayı üzərindən keçidləri ələ keçirdikdən sonra rus qoşunları Kupyanskı mühasirəyə alıblar. Gerasimovun sözlərinə görə, Kupyanskdakı 18 Ukrayna batalyonu, təxminən 5000 əsgər mühasirəyə alınıb.

ISW xatırladıb ki, bu ilin qış-yaz aylarında Putin Gerasimovun təklifi ilə minlərlə ukraynalı əsgərin Kursk vilayətində mühasirəyə alındığını elan etmişdi, sonradan bu, heç vaxt təsdiqlənməyib:

“Gerasimovun dünənki hesabatında digər şübhəli tezislər də var: Xarkov vilayətində Vovçanskın 70 faizinin tutulması və şəhərin cənubuna doğru irəliləyiş, Donetsk vilayətində Yampolun demək olar ki, tam ələ keçirilməsi, Siversk və Kostyantinivkada şəhər döyüşləri.

Rusiya Baş Qərargah rəisinin hesabatı reallıqdan o qədər uzaqdır ki, hətta rusiyalı Z-bloggerləri belə qəzəbləniblər. Onlar Ukrayna Silahlı Qüvvələrinin Pokrovsk və Kupyanskda mühasirəyə alınmasını təkzib edir və qeyd edirlər ki, Gerasimov, görünür, kamikadze qruplarının Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazinin dərinliklərinə daxil olmasını bu ərazinin ələ keçirilməsi ilə əlaqələndirir, bu da reallığa uyğun gəlmir.

Gerasimovun iddialarını dəstəkləmək üçün heç bir sübut görməmişik”, - ISW vurğulayıb.

ABŞ institutu əlavə edib ki, ictimaiyyətə açıq olan faktlar rusların Vovçanskın 70 faizinə yox, 23 faizinə nəzarət etdiyini göstərir:

“Gerasimovun Kostyantinivkada “şəhər döyüşü” adlandırdığı şey müharibənin indiki mərhələsinə xas olan, Ukrayna mövqelərinə soxulmuş, ancaq təcrid olunmuş rus əsgərləridir. Siverskdə Rusiyanın varlığına dair heç bir dəlil ümumiyyətlə yoxdur”.

Избранный
52
2
teleqraf.com

3Источники