RU

Sevgilisini şantajda günahlandırılan tiktoker məhkəmədə ifadə verdi

BAKI, 28 oktyabr. TELEQRAF

Sevgi münasibətində olduğu iş adamı Xalid Kərimovun hədə-qorxu ilə bir milyon manata yaxın pulunu ələ keçirməkdə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın məhkəmə prosesi keçirilib.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə proses yenidən başlayıb.

Buna səbəb hakimlər heyətinin tərkibində dəyişiklik edilməsi olub. Tərkibdə olan hakimlərdən biri - Anar Sadıqov öz ərizəsi ilə istefa verib. Məhkəmə Hüquq Şurası istefanı qəbul edib və onun hakimlik fəaliyyətinə xitam verib.

Məhkəmədə elan olunub ki, hakimlərin tərkibində dəyişiklik olduğu üçün cinayət işi üzrə araşdırma yenidən başlanır.
Bu səbəbdən yenidən başlanan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prokuror Tural Yaqubov ittiham aktını elan edib. Təqsirləndirilən Aybəniz Xəlilova ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, ittihamda yazılanların heç biri baş verməyib.

Təqsirləndirilən şəxsə ifadə vermək təklif olunub, o isə əvvəlcə zərərçəkmişin ifadə verməsini istəyib.

Hakimlər heyəti qərara gəlib ki, əvvəlcə təqsirləndirilən, sonra zərərçəkmiş və şahidlərin dindirilməsi ilə məhkəmə davam etdirilsin.

Tiktokerin vəkili deyib ki, müvəkkili hazırkı mərhələdə ifadə vermək istəmir. Dövlət ittihamçısı bildirib ki, məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların araşdırılması ilə aparılır. Əvvəlcə ittiham tərəfinin təqdim etdiyi sübutlar tədqiq olunmalıdır. O, təqsirləndirilən şəxsin ifadə verməsini təklif edib.

Daha sonra ifadə verən təqsləndirilən Aybəniz Xəlilova bildirib ki, ittihamda şantaj yolu ilə ələ keçirdiyi yazılan ev onun öz adına olub: "Şantaj və hədə-qorxu halları olmayıb. Ev mənim özümün aldığım evdir. Zərərçəkmişlə aramızda elə problem olmayıb ki, şantaja səbəb yaratsın. Özəl günlərdə mənə ev hədiyyə alıb. İki il gözəl ailə münasibəti yaşamışıq. O, mənə çox gözəl baxıb, hər şeylə təmin edib. Mənim hədə-qorxu etməyə şəraitim belə olmayıb. Kartıma pul atıb, çünki ailəsi olduğum üçün məni dolandırırdı".

Növbət proses noyabrın 18-də davam edəcək.

Qeyd edək ki, "Bəniz" ləqəbli tiktokerun barəsində sevgilisi olan Xalid Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Zərərçəkmiş onunla pul müqabilində görüşdüyünü iddia edib, hər dəfə görüşəndə 300 manat pul verdiyini bildirib.

"Beniz" ləqəbli tiktoker barəsində Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.

Aybəniz Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Избранный
71
teleqraf.com

1Источники