Son günlər paytaxtda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “qanunsuz ət kəsimi” adı altında qəssabxanalarda həyata keçirdiyi mübarizə tədbirləri etirazla qarşılanıb. AQTA-nı tənqid edənlər bildirirlər ki, qəssabxanalarda satılan ət market və supermarketlərdə satılanlardan daha keyfiyyətli və təmizdir. Narazılıqlar arasında bu da vurğulanır ki, paytaxt ərazisində məşhur supermarketlərdə dəfələrlə vaxtı keçmiş məhsulların satışa çıxarılmasına, ayrı-ayrı istehsalçı şirkətlərin iylənmiş, anti-sanitariya şəraitində qablaşdırılmış suları satışa buraxmalarına etiraz edilməsinə baxmayaraq, AQTA onlarla bağlı ciddi tədbir görmür. Qurumun sırf qəssabxanaları hədəf almasının başadüşülən olmadığı bildirilir.
Bununla bağlı Pravda.az-a fikirlərini bölüşən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib ki, heyvanlar arasında dabaq xəstəliyinin yayılması AQTA-nın üzərinə düşən vəzifələri və məsuliyyəti daha da çoxaldır.

“Qurum çalışmalıdır ki, satış məntəqələrinə xəstə heyvanların ətinin gətirilməsinin və satışının qarşısı vaxtında alınsın. AQTA ciddi tədbirlər həyata keçirməli və ət emalı müəssisələrinə, ictimai iaşə obyektlərinə nəzarəti gücləndirməlidir. Lakin qurum son vaxtlar fürsətdən istifadə edir, heyvanlar arasında yayılan xəstəliyi bəhanə gətirir, qəssabxanalara müdaxilə edir. Guya xarab olmuş ət tapıblar. Yaşadığım əraziyə yaxın qəssabxanalar var. Tez-tez orada oluram. Həmin qəssabxanalarda antisanitariyanı müşahidə etməmişəm. Etsəydim, dərhal bununla bağlı sosial şəbəkələrdə yazardım. Məsələn, "Rahat" marketdə dəfələrlə qiymətlərdə aldatma halları olmuşdu, bu haqda yazmışdım, çıxışlarımda da demişdim. İndi kim nə istəyirsə, onu da edir, sanki özbaşınalıqdır. AQTA da vəziyyətdən istifadə edib, bulanıq suda balıq tutmaq istəyir. Əminəm ki, onlara tapşırıq verilib. İlin sonudur, büdcədə daha çox vəsait yığılmasına baxmayaraq, başa düşürlər ki, gələn il problemlər olacaq, bəri başdan çalışıb daha çox vəsait toplamaq lazımdır. Hesab edirəm ki, ya özfəaliyyətdir, ya da "yuxarıdan" verilən tapşırıqdır. Nəinki xəstə heyvanların, ölkədə ölü heyvanların belə əti kəsilib, emal müəssisələrinə, ictimai iaşə obyektlərinə satılır. Supermarketlərin sahibləri çox yüksək vəzifəli məmurlardır. AQTA-nın onlara gücü çatmır. Bu yaxınlarda "Bravo"dan toyuq əti aldım, alanda iy gəldiyini gördüm, amma satıcı əmin etdi ki, hər şey qaydasındadır. Evə gətirdim, yeyiləsi deyildi, zibilliyə atdım. Yəni nəzarət etmək üçün kifayət qədər çoxsaylı obyektlər var”, - o bildirib.
Aytəkin Qardaşova