RU

Kənd təsərrüfatımız nədən geriləyir?

Subtropik və mülayim iqlim qurşaqlarında yerləşən ölkəmiz çox zəngin torpaqlara sahibdir. Bu torpaqlarda təbiət və iqlimlə sıx bağlı olan kənd təsərrüfatını inkişaf etdirməmək özü günahdır.

Çünki kənd təsərrüfatı ərzaq təhlükəsizliyini, iqtisadi sabitliyi və əhalinin həyat səviyyəsini müəyyən edən əsas sektordur. Məhz bu sahənin vasitəsilə ərzaq təhlükəsizliyi təmin olunur, sənaye xammalla təchiz edilir, iş yerləri yaradılır. Bir sözlə, əsas fəaliyyət növləri bitkiçilik, heyvandarlıq, balıqçılıq və meşə təsərrüfatından ibarət olan kənd təsərrüfatı ölkəmizin sütunlarından biridir.

Sevindiricidir ki, kənd təsərrüfatı üzrə dünyanın ən güclü ölkələri arasında qardaş Türkiyə dövləti ilk onluqda təmsil olunur. Amma, təəssüf ki, nəinki onluqda, heç iyirmilikdə, otuzluqda belə Azərbaycanın adı yoxdur.

Məmləkətimizin kənd təsərrüfatı ümumi dünya reytinqlərində konkret yer tutmasa da, ərzaq təhlükəsizliyi və digər göstəricilərlə bağlı müxtəlif indekslərdə yer alır. Məsələn, Qlobal Ərzaq Təhlükəsizliyi İndeksində Azərbaycan ərzaq təminatına görə 61-ci, qida keyfiyyətinə görə isə 86-cı yerdədir.

Kənd təsərrüfatımız əsasən üzümçülük, bağçılıq, tütünçülük, tərəvəzçilik, heyvandarlıq və ipəkçilik üzrə ixtisaslaşıb. Kənd təsərrüfatı istehsalçılarının 80%-dən çoxu kiçik fermer təsərrüfatlardır.

Kənd Təsərrüfatı Nazirliyinin rəngarəng agro.qov.az saytına nəzər salanda ilk baxışda adamın ürəyi açılır. Amma yerlərdə mövcud olan vəziyyətlə bağlı sosial-şəbəkələrdə paylaşılan məlumatlar bu sahədə hər şeyin güllü-gülüstan olmadığından xəbər verir.

Diqqəti cəlb edən nüanslardan biri də son günlər çüt dırnaqlı heyvanlarda dabaq xəstəliyinin yayılmasına dair saytda heç bir xəbərin olmamasıdır. Nazirlik bu istiqamətdə hansı tədbirlərin görüldüyü haqda da heç bir məlumat və ya tövsiyə belə paylaşmayıb.

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmli hesab edir ki, yaranmış durum həm də nazirliyin rəhbərliyinin bu sahəyə aidiyyatı olmaması ilə əlaqədardır. Onun KİV-lərə verdiyi açıqlamalarda dəfələrlə qeyd edilib ki, bunun bir səbəbi də nazirliyin rəhbərliyində kənd təsərrüfatı üzrə mütəxəssisin olmamasıdır. Çünki kənd təsərrüfatı naziri Məcnun Məmmədov iqtisadçı, onun müavinləri İlhamə Qədimova hüquqşünas, Elçin Zeynalov istehsal proseslərinin avtomatlaşdırılması üzrə mühəndis, Sarvan Cəfərov politoloqdur.

Düzdür, Məcnun Məmmədov 2018-2023-cü illərdə “Agro Food Investments” MMC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru vəzifəsində çalışıb. İxtisasca politoloq olan nazir müavini Sarvan Cəfərovu həmkarlarından fərqləndirən cəhət odur ki, o, 2018-ci ilin aprelindən bu nazirlikdə işləməyə başlayıb. 2020-ci ilədək nazir köməkçisi, müşaviri, aparat rəhbəri vəzifələrində çalışıb, həm də 2020-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantıdır. Amma bu, onların kənd təsərrüfatı mütəxəssisi olduğu, torpağın, bitkinin, heyvanın dilini bilməsi anlamına gəlmir.

Halbuki, ekspertlərin sözlərinə görə, dabaq xəstəliyi iqtisadi itkilərə, o cümlədən heyvandarlıqda ət və süd məhsuldarlığının azalmasına gətirib çıxarır. Xəstəliyə nəzarət və onun aradan qaldırılması tədbirlərinə sərf olunan vəsait, həmçinin heyvan mənşəli məhsulların ixrac və idxal prosesinə tətbiq olunan məhdudiyyətlər dabaq xəstəliyinin yayıldığı ölkənin iqtisadiyyatına böyük zərər vura bilər.

Onsuz da iş o yerə çatıb ki, 2025-ci il yanvar ayının 1-i vəziyyətinə cəmi 10 milyon 224 min 889 nəfər olan əhalimizi ətlə təmin etmək üçün Azərbaycan kimi zəngin ölkə qonşu Gürcüstandan ət və diri heyvan idxal edir.

Bunu “Pressklub TV”yə müsahibəsində aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmli deyib. Onun sözlərinə görə, heyvandarlıqda göstərilən 1,1% artım ölkəyə idxal olunan diri heyvanların hesabınadır. “Keçən ilə nisbətən bu il 75 milyon dollar dəyərində daha çox diri heyvan gətirilib. Ümumi həcmi 130 milyon 500 min dollardır. Bu, böyük rəqəmdir. Azərbaycan kimi kiçik ölkə üçün bu qədər yalnız kəsim üçün diri heyvan gətirilirsə, bu o deməkdir ki, Azərbaycanda ət istehsalı artıq kəskin şəkildə aşağı düşüb. Bu səbəbdən diri heyvanların ölkəyə idxalı artıb. Ərazi baxımından Azərbaycandan 3 dəfə, əhali baxımından 2,5 dəfə kiçik olan qonşu Gürcüstan Azərbaycana 30 milyon dollar dəyərində həm ət, həm də diri heyvan ixrac edib. Bunun 22 milyon dolları ət, 5 milyon dolları iribuynuzlu heyvanlar, 2,5 milyon dolları xırdabuynuzlu heyvanlara xərclənib”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, heyvandarlıq sahəsində yaranmış durum kəndlərdə heyvan otarqmaq üçün örüş yerlərinin olmaması, bələdiyyələrin nəzarət etdiyi ərazilərin başqa təyinat üzrə Rusiyada pul qazanan şəxslərə, məmurlara və onların qohumlarına verilməsi ilə bağlıdır.

“Ətin baha olduğu halda kəndli niyə heyvandarlıqla, mal-qaranın istehsalı ilə məşğul olmasın ki? Çünki şərait yoxdur. 1969-1970-ci illərdə bizim kəndin 3 min əhalisi vardı. Kənddən 2 qoyun sürüsü, 2 mal naxırı çıxırdı. Bundan əlavə, kolxozun özünün bir neçə mal naxırı və qoyun sürüsü vardı. İndi o boyda kənddə heç 100 qoyun tapmaq olmaz. Ona görə ki, kəndin ətrafındakı örüş sahələri mənimsənilib”, – ekspert diqqətə çatdırır.

Halbuki, ölkə prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi Azər Əmiraslanov 10 dekabr 2018-ci il tarixində Bakıda keçirilən aqrar texnologiyalar və yaşıl enerji üzrə Beynəlxalq Forumda iddia edirdi ki, “son yarım əsr dünyada kənd təsərrüfatı sahəsi üçün çox ciddi yeniləşmə dövrü olub və bizim də kənd təsərrüfatı ilə bağlı görəcəyimiz işlər hələ çoxdur”.

“Ötən əsrin 60-70-ci illərində beynəlxalq leksikona “Yaşıl inqilab” anlayışı daxil oldu. Onun əsas komponentləri yeni bitki növlərinin yaradılması, aqrar sektorda mütərəqqi sistemlərdən istifadə, bu sahənin sənayeləşdirilməsi hesab edilir. Qeyd edilən istiqamətlər üzrə Azərbaycanda ciddi addımlar atılsa da, kənd təsərrüfatı ilə bağlı görəcəyimiz işlər hələ çoxdur”, – deyən A.Əmiraslanov rəqəmsal texnologiyaların kənd təsərrüfatında tətbiqinin vacibliyini də vuğulayırdı.

Bəs hanı o görüləcək işlər? Qəribəsi odur ki, texnologiya inkişaf etdikcə, bizim bır sıra sahələrimizdə, o cümlədən kənd təsərrüfatında da irəliləyişin deyil, geriləmənin baş verdiyini görürük. Biz nə zaman əhalinin kənd təsərrüfatı məhsullarına tələbatını özü təmin edən ölkəyə çevriləcəyik?

Bəlkə, dönüb bir Çinə baxaq?! Kənd təsərrüfatı üzrə dünya ölkələri arasında birinci yeri tutan Çin əkin sahələrinin 7%-nə malik olmasına baxmayaraq dünya əhalisinin 22%-ni ərzaqla təmin edir. Çin kənd təsərrüfatının üsul və texnologiyalarının modernləşdirmək yolu ilə özünü əhəmiyyətli dərəcədə təminetmə dövrünə gəlib çıxıb və hazırda dünyanın ən böyük quş əti, yumurta, meyvə, tərəvəz, taxıl və pambıq istehsalçısıdır.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin, kənd təsərrüfatı ilə bağlı bir neçə müvafiq qurumun mövcud olduğu ölkədə məgər bunu etmək belə çətindirmi? Əlbəttə ki, yox. Buna nail olmaq üçün müstəqil dövlətimizi, torpağımızı sevmək lazımdır. Lap lazım olsa məşhur “Küləklə sovrulanlar” filminin qəhrəmanı Skarlet O’Xara kimi sənə bol nemətlər verən, ruzini təmin edən torpağı çeynəmək lazımdır ki, onun qədrini biləsən. Öz doğma yurduna, təbiətinə, əziz insanlarımıza məsuliyyətlə yanaşmaq belə çətindirmi?

Xatirə SADİQ

Избранный
65
nocomment.az

1Источники