ABŞ prezidenti Donald Trampın son bəyanatı beynəlxalq gündəmdə böyük rezonans doğurdu. Tramp “Venesuelada quru əməliyyatlar həyata keçirəcəyik” deyərək, Latın Amerikasında uzun müddətdir səngimək bilməyən siyasi gərginliyi yenidən alovlandırdı.
Onun ardınca ABŞ dövlət katibi Marko Rubio narkotik ticarətini “Qərb yarımkürəsinin Əl-Qaidəsi” adlandıraraq, ABŞ-ın hərbi fəallığının ideoloji əsasını formalaşdırmağa çalışdı.
Venesuela prezidenti Nikolas Maduro isə Trampa müraciət edərək, “hücum niyyətindən daşınmağa” çağırdı və bu bəyanatları ölkəsinin suverenliyinə qarşı açıq təhdid kimi qiymətləndirdi. İndi əsas sual budur: əgər ABŞ Venesuelaya qarşı real hərbi əməliyyatlara başlasa, bu ölkənin strateji tərəfdaşları olan Rusiya və Çin hansı addımları ata bilər?
ABŞ-ın Venesuela siyasəti son illər “narkoterrorizmə qarşı mübarizə” çərçivəsində təqdim edilir. Rəsmi Vaşinqton Maduro hökumətini “narkotik kartelləri ilə əməkdaşlıqda” ittiham edir və “humanitar müdaxilə” ritorikasını hərbi fəallıqla müşayiət edir.
Tramp hökuməti 2025-ci ilin payızında Karib hövzəsində hərbi iştirakını əhəmiyyətli dərəcədə artırıb - "USS Gerald R. Ford" döyüş gəmisi bölgəyə göndərilib, ABŞ Hərbi Dəniz Qüvvələri isə Venesuela sahillərində “kəşfiyyat və antinarkotik əməliyyatlar” adı altında aktivlik nümayiş etdirir. Vaşinqtonun bu addımı, əslində, Venesuela hakimiyyətinə birbaşa təzyiq mexanizmi kimi dəyərləndirilir.
Trampın ritorikasında bir qədər daxili siyasi məqam da görünür. Çünki ABŞ-da prezident seçkiləri ərəfəsində Trampın “Amerikanın sərhədlərindən kənarda təhlükəni məhv edən lider” obrazı onun elektoratı üçün mühüm simvolik dəyərə malikdir.
Venesuela rəhbəri Nikolas Maduro isə bu planları “imperialist müdaxilə” kimi dəyərləndirərək, ABŞ-ın əsas məqsədinin ölkənin enerji resurslarına nəzarət olduğunu bildirib. Karakasda keçirilən tədbirdəki çıxışında o deyib: “Venesuelanın torpaqlarına bir əsgər belə ayaq bassa, bu, regionun sülhü üçün fəlakət olacaq”.
Maduro həmçinin ordusunu tam səfərbər vəziyyətə gətirib, Rusiya və Çinlə təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndiriləcəyini elan edib.
Venesuela daxilində isə bu bəyanat Trampın planlarına qarşı milli həmrəylik dalğası yaradıb. İstər hökumətyönlü, istərsə də müxalif kəsimlər “xarici müdaxilə” məsələsində vahid mövqe nümayiş etdirirlər.
Venesuela Rusiya və Çin üçün həm iqtisadi, həm də siyasi baxımdan mühüm tərəfdaşdır. Rusiya Venesuelaya hərbi texnika ixrac edir, neft sektoruna milyardlarla dollar sərmayə yatırıb və bu ölkəni Qərb hegemoniyasına qarşı “Cənub blokunun dayağı” kimi görür.
Çin isə Karakasın ən iri kreditorudur. Pekin Venesuelaya verilən kreditləri əsasən neftlə əvəzləyərək geri alır və ölkədə bir sıra infrastruktur layihələrində iştirak edir.
Bu səbəbdən ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi həm Rusiya, həm də Çin üçün strateji təhdid kimi qəbul oluna bilər.
Bununla belə, Moskva və Pekinin birbaşa hərbi müdaxiləsi ehtimalı aşağı qiymətləndirilir. Hər iki ölkə açıq qarşıdurmadan çəkinərək daha çox diplomatik, informasiya və logistika dəstəyi ilə kifayətlənə bilər. Rusiya artıq BMT Təhlükəsizlik Şurasında ABŞ-ın “birtərəfli hərbi fəallığını” pisləyib, Çin isə Karib regionunda “regional sabitliyin pozulmasından” narahat olduğunu bəyan edib.
Yumşaq təzyiq ssenarisinə əsasən, ABŞ sahilboyu əməliyyatlarını davam etdirəcək, Venesuela limanlarına yaxın sularda dron və kəşfiyyat fəaliyyətini genişləndirəcək. Rəsmi Vaşinqton bu addımları “narkoticarətə qarşı mübarizə” kimi təqdim etsə də, əslində, məqsəd Karakas üzərində siyasi və psixoloji təzyiqi artırmaqdır.
Bu model “soyuq qarşıdurma”nın yeni forması kimi görünür. Birbaşa müharibə yoxdur, lakin hər gün bir addım daha gərginliyə doğru gedilir. Diplomatik bəyanatlar, sanksiyalar və informasiya hücumları döyüş səhnəsini əvəz edir.
Bunun baş vermə ehtimalı 60%-70% qiymqtləndirilir.
Məhdud hərbi əməliyyat ssenarisi üzrə ABŞ Venesuela ərazisindəki bəzi “narkotik infrastruktur obyektlərinə” zərbələr endirə bilər. Hədəf simvolik hərbi uğur qazanmaq, daxili auditoriyaya “əməliyyat başladıq” mesajını verməkdir. Lakin torpağa qoşun yeridilməsi planlaşdırılmır.
Belə bir ssenaridə Rusiya və Çin açıq müdaxiləyə getməz, yalnız siyasi bəyanatlarla kifayətlənərək “suverenliyə hörmət” çağırışları edərlər. Diplomatik müstəvidə gərginlik artsa da, qarşıdurma real müharibəyə çevrilməz.
Bu ssenarinin baş vermə ehtimal 25% səviyyəsində dəyərləndirilir.
Quru əməliyyatı və regional müharibə ssenarisi ən risqli variantdır. Əgər ABŞ doğrudan da Venesuela torpaqlarına qoşun yeridərsə, bu, Latın Amerikasında uzun illərdən bəri görünməmiş miqyasda hərbi böhran yaradacaq. Belə bir addım Rusiya və Çini passiv müşahidəçidən aktiv oyunçuya çevirə bilər. Onlar Venesuelaya silah, kəşfiyyat və diplomatik dəstək yönəldə, regionda ABŞ-a qarşı yeni “anti-hegemon” cəbhə formalaşdıra bilərlər.
Lakin bu yol həm Moskva, həm də Pekin üçün böyük risq deməkdir. Qlobal balans pozularsa, nüvə dövlətləri dolayısı ilə bir-birinə toxuna bilər və nəticədə bəşəri miqyasda təhlükəli eskalasiya baş verər.
Bu ssenarınin baş vermə ehtimalı 5%–10% civarında qiymətləndirilir.
ABŞ–Venesuela gərginliyi yalnız iki ölkə arasında deyil, həm də böyük güclər arasında yeni qarşıdurma xətti yaradır. Tramp administrasiyası Latın Amerikasını “yenidən ABŞ-ın təsir dairəsinə qaytarmaq” istəyir, Rusiya və Çin isə bu təsirin qarşısını alaraq çoxqütblü nizamı qorumağa çalışır.
Nəticədə, Venesuela hazırda ABŞ-Rusiya-Çin üçbucağının mərkəzinə çevrilib. Bu mübarizə enerji resursları, beynəlxalq hüquq və regional təhlükəsizlik balansı üçün həlledici əhəmiyyət daşıyır.
Yəni hazırkı reallıq göstərir ki, ABŞ-ın Venesuela siyasəti yalnız “narkomaniya” və “terror” məsələsi ilə izah oluna bilməz - burada enerji, ideologiya və hegemonluq uğrunda mübarizə gedir. Rusiya və Çin isə bu prosesdə Venesuelanı bir “sınaq meydanı” kimi görür: Qərbin hərbi təzyiqinə qarşı nə qədər dayanıqlı olmaq mümkündür?
Tramp administrasiyasının bu istiqamətdə növbəti addımı həm regional sabitliyin, həm də qlobal güc balansının gələcəyini müəyyən edəcək.
Belə bir şəraitdə, hər bir səhv hesablanmış addım Karib hövzəsini “soyuq müharibədən isti qarşıdurmaya” sürükləyə bilər.
Akif NƏSİRLİ