Milli Məclisin deputatı Səbinə Salmanovanın təşəbbüsü ilə Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində 8 Noyabr – “Zəfər Günü”nə həsr olunmuş “Zəfərin Rəngi” adlı tədbir keçirilib.
Toplantıda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları - Hikmət Babaoğlu, Pərvin Kərimzadə, Rizvan Nəbiyev, Xalq rəssamları, şəhid ailələri, müharibə veteranları və digər tanınmış şəxslər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinə 1 dəqiqəlik sükut elan edilib.Daha sonra Sumqayıt şəhərindəki Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin xor kollektivinin və ansamblın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlıq səhnələrinin, azad edilmiş şəhər və kəndlərin görüntülərinin, eləcə də şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin əks olunduğu videoçarx nümayiş etdirilib.
Tədbirin rəsmi hissəsi çərçivəsində Vətən müharibəsi şəhidi İsgəndərov Elvinin oğlu Cəsur İsgəndərovun və şəhdimiz Babaxanov Elmanın qızı Asena Babaxanovanın iştirakı ilə gənc rəssam Emin Aslanovun "44 Zəfər Plakatı" adlı sərginin açılışı olub.
Toplantıda çıxış edən Milli Məclisin deputatı Səbinə Salmanova qeyd edib ki, Vətən müharibəsi Azərbaycan tarixinın ən şanlı səhifələrindən biridir:
“30 ilə yaxın müddət ərzində doğma yurdlarımızın işğal günlərini dərin kədərlə xatırlayır, torpaqlarımıza qayıdacağımız günün həsrəti ilə yaşayırdıq. İçimizdəki inamı, el-obamıza geri dönmək istəyimizi heç vaxt itirmirdik. Hər xoş, hər bayram, hər xüsusi günümüzdə Qubadlıda, Kəlbəcərdə, Laçında, Zəngilanda, Şuşada olmaq, o torpaqlarda sevincimizi paylaşmaq arzusuyla yaşayırdıq.
44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizlə biz tək torpaqlarımızı geri qaytarmadıq, milli ləyaqətimizi bərpa etdikvə tarixi ədaləti bərqərar etdik. Bu fəxarətli hissləri bizə yaşatdığına görə, başda Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyev olmaqla, Rəşadətli Azərbaycan Ordusuna, şirin canlarından keçmiş şəhdilərimizə, qazilərimizə və müharibə veteranlarımıza borcluyuq”.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova isə çıxışında Azərbaycan Ordusununşücaətindən bəhs edib. O qeyd edib ki, Azərbaycan xalqı öz qəhrəman oğullarının xatirəsini heç vaxt unutmayacaq, onların qanı bahasına qazanılmış bu Zəfər nəsildən-nəslə iftixarla ötürüləcək.