"Hesablama Palatası qiymətlərin artırılmamasını tövsiyə edir, metropoliten qiymətləri qaldırır"
"Gəlirlərin və xərclərin balansı elə aparılmalıdır ki, qiymətlərin bahalaşdırılmasına ehtiyac yaradan faktorlar üzə çıxsın. Yəni, sübut olunmalıdır ki, metropoliten ziyanla işləyir və gediş haqqının artırılmasına zərurət var. Lakin Hesablama Palatası belə bir hesabat təqdim edib ki, orada ciddi şərhlər və uyğunsuzluqlar var. Bu hesabat qiymətlərin tənzimlənməsi üçün əsas təşkil etməlidir".
Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynov deyib.
O, bildirib ki, qiymətlərin artırılması üçün yol açılmamalıdır:
"Dövlət orqanları arasında koordinasiya çatışmazlığı və etibarlı hesabat sisteminin olmaması problemi də ortaya çıxır. Arada ziddiyyətlər yaranır. Hesablama Palatası qiymətlərin artırılmamasını tövsiyə edir, lakin metropoliten buna baxmayaraq qiymətləri qaldırır".
Ekspert bildirib ki, dövlət tərəfindən subsidiya ayrıldığında isə metropoliten bu dəstək hesabına fəaliyyət göstərməlidir:
"Metropoliten gəlir gətirən biznes qurumu deyil və özəl sektor kimi istədiyi şəkildə qiymətləri tənzimləyə bilməz. 2030-cu ilə qədər hökumətin qarşısında müəyyən fəaliyyətlər planlaşdırılıb: 10 yeni metro stansiyasının tikilməsi, keyfiyyətin yaxşılaşdırılması, dairəvi sistemlərin tətbiqi, zolaqlı rəngliklərin artırılması, vagonların alınması və təzələnməsi".
Onun sözlərinə görə, dövlət tərəfindən ayrılan 40 milyonluq subsidiya bu tip fəaliyyətlər üçün xərclənəcək:
"Bu, metropolitenin idarə olunmasında dövlət dəstəyinin vacibliyini göstərir. İki variant mövcuddur: Bələdiyyələrin nəzdində taksi və metro xidməti fəaliyyət göstərir (məsələn, İstanbulda yeni metro stansiyalarının tikintisi və istifadəsi Böyükşəhər Bələdiyyəsinin məsuliyyətindədir). Azərbaycanda isə bu, bələdiyyələr və dövlət tərəfindən deyil, yalnız dövlət subsidiya yolu ilə təmin olunur. Bu yanaşma normal hesab edilməlidir".