
Karib dənizi bölgəsində sürətlənən "Melissa" qasırğasının Yamaykanın cənub-qərbində yerləşən Nyu Hop bölgəsinə çatdığı bildirilib.
ABŞ Milli Qasırğa Mərkəzinin açıqlamasında Atlantik Okeanında hərəkət edən "Melissa" qasırğasının sürətinin saatda 295 kilometrə çatdığı qeyd edilib.
Açıqlamada qasırğanın Yamaykanın cənub-qərbindəki Nyu Hop bölgəsini vurduğu vurğulanıb.
Qasırğanın son dərəcə təhlükəli və ölümcül olduğu bildirilərək, əhaliyə qasırğa təsirini itirənə qədər sığınacaqlardan çıxmamaqları tövsiyə olunub.
Yamayka Fəlakət Risklərinin İdarəedilməsi Şurasının vitse-prezidenti Desmond MakKenzi də əhalini sığınacaqlara girməyə və evlərindən çıxmamağa çağırıb.
Yamayka Baş Naziri Endryu Holnes bildirib ki, ölkədə 5-ci kateqoriya səviyyəsində qasırğaya dözümlü heç bir infrastruktur yoxdur və əsas məsələnin bərpa prosesinin sürəti olacaq.
Yamayka Meteorologiya İdarəsinin rəsmiləri "Melissa"nın 1850-ci illərdən bəri ölkədə müşahidə olunan ən güclü qasırğa olduğunu və bütün hazırlıqların görüldüyünü, lakin dağıdıcı təsirlərin qaçılmaz olacağını qeyd ediblər.
ABŞ Milli Qasırğa Mərkəzinin dünən verdiyi açıqlamada isə "Melissa" qasırğasının gücünün ən təhlükəli səviyyə olan 5-ci kateqoriyaya yüksəldiyi bildirilib.