RU

"Bayraq Ana vətənimin qeyrət örpəyidir, ona uzanan əllər kəsilməlidir"

İnsanlar doğulduqları və ömür sürdükləri bu dünyada xeyirxah əməlləri, yazdıqları dəyərli əsərləri, cəmiyyətə böyük töhfələr verən kəşfləri, döyüşlərdə göstərdikləri qəhrəmanlıqları ilə yaddaşlarda qalırlar. Nə yaxşı ki, cəmiyyətimizdə bu cür şərəfli ömür yaşamış dəyərli insanlarımız çoxdur. 

Xalqımız və vətənimiz üçün yaşadığı şərəfli ömür yolundan söhbət açmaq istədiyimiz zabit Həşim Həşimov da belə insanlardandır. Cəsur zabit yaşadığı illərdə nümunəvi xidməti, döyüşlərdə göstərdiyi qəhrəmanlığı ilə həmişə yaddaşlarda yaşayacaq. Bu cür əbədi yaşamaq onun mənəvi haqqıdır.

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində başlanan İkinci Qarabağ müharibəsində böyük igidliklər göstərmiş Həşim Həşimovu xeyli müddət idi tanıyırdıq. O vaxt hələ müharibənin alovlanmasına bir neçə il qalmışdı. Ön xətdə atəşkəs rejimi hökm sürürdü, silahlar susmuşdu. Onunla ilk dəfə görüşdüyümüz və tanış olduğumuz günlərdə təcrübəli zabit hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsini icra edirdi. 

Həşimlə ilk tanışlığımız gözəl bir payız gününə təsadüf etmişdi. Həmin vaxtlarda Beyləqan-Füzuli istiqamətinə ezamiyyətə getmişdik. Onun xidmət etdiyi hərbi hissədə bir az ləngiyəndən sonra ön xətdə, yurdumuzun keşiyində ayıq-sayıq dayanan zabit və əsgərlərin yanına getmişdik. Adətən belə vaxtlar ön xəttə getmək üçün maşın ayrılır, bələdçilik üçün hərbi hissədən bizə nümayəndə qoşurdular. Həmin nümayəndə ilə birlikdə ön xətdə yollanar, burada yurdumuza keşik çəkən zabit və əsgərlərlə görüşər, haqlarında yazılar hazırlayardıq.

Həmin ilıq payız günündə ön xəttə çıxmağa hazırlaşanda öyrəndik ki, bizi mayor Həşim Həşimov müşayiət edəcək. İlk dəfə gördüyümüz zabit bizə yaxınlaşaraq əl verib mehribancasına salamlaşdı. Onunla tanışlığımız da elə həmin gündən başladı. Həşim ortaboylu, dolu bədənli, cəld yerişli, itibaxışlı, gülərüz bir hərbçi idi. Onun mülayim, ürəyəyatımlı səsini yüz səsin içindən seçmək olardı. Qısaca tanışlıqdan sonra ləngimədən yola çıxdıq. Həşim hansı istiqamətə gedəcəyimizi də dəqiqləşdirdi. Aprel döyüşlərindən sonra yenidən qurulmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi istiqamətinə gedəcəkdik. Zabit Həşim Həşimov yolboyu söhbət edir, hərbçi kimi üzərinə düşən vəzifələrdən danışır, əsgərlərin nümunəvi xidmətindən, erməni işğalçılarının tez-tez atəşkəs rejimini pozmağından söz açırdı. Belə söhbətlər yolumuzu xeyli qısaldırdı. Çox keçmədi ki, yenidən salınmış Cocuq Mərcanlı kəndinə gəlib çatdıq. Bizi ön xəttə gətirən hərbi maşın mövqelərin yaxınlığında dayananda burada xidmət edən zabitlər qarşımıza çıxdılar. Mövqelərdəki vəziyyət barədə zabit Həşimova məlumat verdilər.

Əvvəlcə ön xətdəki qərargaha baş çəkdik. Əsgərlərin yataq yerlərinə, istirahət otaqlarına, mətbəxlərinə baxdıq. Yurdumuzun müdafiəsində dayanan hərbçilər üçün yaradılmış şəraitdən gül qoxusu gəlirdi. Bu anlarda hiss etdik ki, Həşim işini bilən zabitdir. O, mövqelərdə dayanan zabit və əsgərlərlə çox mehribancasına görüşür, xoş danışırdı. Onların da xidmət şəraitləri ilə yaxından maraqlanırdı. Mövqelərin təhlükəsizliyini diqqətlə yoxlayırdı. Qarşı tərəfdəki ərazilərimizə baxıb kədər süzülən səslə deyirdi ki, torpaqlarımızın uzun illərdən bəri erməni işğalında qalması ürəyini yandırıb-yaxır: "Hər dəfə düşmənin uçurub dağıtdığı kəndlərə, evlərə baxanda göz yaşlarımı saxlaya bilmirəm. Hamımızın ürəyi ermənilərə nifrət hissi ilə döyünür. Elə istəyirəm ki, yaxın zamanlarda torpaqlarımızın azadlığı uğrunda döyüşlər başlasın. Əsgərlərimiz igiddir, cəsurdur. İnanıram ki, onlar düşmənə qarşı qəhrəmanlıqla döyüşəcəklər, hamısı şəhidlərimizin intiqamını alacaqlar". 

Sonra sözünə davam etdi: "Ermənilər ordumuzun qarşısında çox duruş gətirə bilməyəcəklər. Çünki Silahlı Qüvvələrimiz güclüdür, zabitlərimizin, əsgərlərimizin döyüş hazırlığı yüksək səviyyədədir. Bu üstünlük, bu yüksəklik mütləq döyüşlərdə bizə Zəfər qazandıracaq. Ermənilər özləri haqqında mif yaradıblar ki, guya güclüdürlər. Amma deyilənlərin hamısı ağ yalandır. Əgər qismət olsaydı, Şuşa uğrunda vuruşmağı özümə böyük xoşbəxtlik sanardım". 

Hiss edirdik ki, getdiyimiz bütün mövqelərdə zabit və əsgərlər Həşimi mehribanlıqla qarşılayır, ona hörmətlə yanaşırlar. Dediklərinə diqqətlə fikir verir və tapşırıqlarına sözsüz əməl edirlər. 

Səngərlərə gedəndə dəfələrlə yol yoldaşımız olan Həşimin yalnız hərbçi kimi deyil, insan kimi də olduqca hərtərəfli şəxsiyyət olduğunu bildik. Həyatın bütün sahələrindən xəbərdar idi. Onun dünyagörüşünün genişliyinə, duyumuna, savadına, biliyinə heyran qalmamaq mümkün deyildi. Demək olar bütün fənlərdən məlumatlıydı. Özü humanitar sahənin adamı olsa da, texniki bilikləri yüksək səviyyədə idi. Riyaziyyatdan, fizikadan, həndəsədən geninə-boluna söz açırdı. Ərəb, fars, rus dillərini bilirdi. Başqa mövzularla yanaşı, xeyli sayda dini kitablar oxumuşdu. Bir dəfə söhbət zamanı öyrəndik ki, İsmayıllıda doğulan Həşim həm də lahıc dilini bilir. Atası, babası qədim Lahıc kəndindən imiş. 

Ön mövqelərdən geri döndükdən sonra həmişə bişirilən xörəklərindən xoşumuz gələn Horadiz qəsəbəsindəki yeməkxanada çörək kəsərdik. Bəzən Həşimi xərcə salmamaq üçün yeməkdən boyun qaçırmağa çalışırdıq. Amma o bizi israrla yeməkxanaya dəvət edirdi. Onun sözünü yerə salanda bizdən inciyirdi. İnciməsin deyə biz də zabit dostumuzun sözünə əməl edər, oturub bir tikə çörək kəsərdik. 

İkinci Qarabağ müharibəsi başlayanda bilirdik ki, Həşim də ön sıralarda vuruşur. Ara-sıra zəng edib danışar, hal-əhval tutardıq. Zabit dostumuz iştirak etdiyi uğurlu döyüşlərdən çox qısa danışar, torpaqlarımızın işğaldan azad olunmasından sevinə-sevinə söz açardı. Bəzən ona zəng çatmayanda nigaran qalardıq. Düşünərdik ki, Allah eləməmiş, birdən düşmən gülləsinə tuş gələr. Amma sonrakı günlər danışa bilirdik, ürəyimiz yerinə düşürdü. Telefonun o başından səsi gələndə arxayın olurduq ki, Həşim sağ-salamatdır. Amma bir dəfə danışanda dedi ki, ayağından yaralanıb, hospitalda yatır. Bu xəbər bizi çox kədərləndirdi. Yaralansa da, sağ qaldığından təsəlli tapdıq. 

Bir dəfə Naftalandan müalicədən qayıdanda nahar eləmək üçün yeməkxanaların birində dayanmalı olduq. Oturub çay içdiyimiz vaxt arxadan tanış, doğma bir səs eşitdik. Bu Həşimin səsinə oxşayırdı. Bu səsi min səsin içindən seçmək mümkün idi. Tez çevrilib səs gələn tərəfə baxdıq. Yanılmamışdıq, Həşim idi. Onu görəndə həm sevindik, həm də kədərləndik. Həmişə ayaq üstə mövqeləri, səngərləri gəzib-dolaşan Həşim indi əlil arabasında oturmuşdu. Tək deyildi, ətrafında bir neçə yaxını, doğması əyləşmişdi. Əvvəlki günlərdəkindən fərqli olaraq üzü də saqqallı idi. Əl verib mehribancasına görüşüb hal-əhval tutduq. Sağlamlıq durumunu, yarasının vəziyyətini soruşduq. Heç nədən gileylənmədi, hər şeyin yaxşı olduğunu dedi. Məlum oldu ki, Bakıya müayinəyə gedir. Danışığından, üz-gözündən hiss etdik ki, ovqatı yaxşıdır.

İş elə gətirdi ki, bir neçə aydan sonra Həşimlə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının qarşısında rastlaşdıq. Yenə də mehribancasına görüşüb söhbət etdik. Sağlamlıq durumunu soruşanda dedi ki, şükür hər şey yaxşılığa doğru gedir: "Bu günlərdə "Yaşat" Fondunun xətti ilə qardaş Türkiyə Respublikasına müalicə olunmağa getmişdim. İndi özümü əvvəlki günlərdən yaxşı hiss edirəm". Dedik ki, görüşüb söhbət edək, döyüş yolu haqqında yazı hazırlayaq. "Tələsməyin, inşallah görüşüb ətraflı söhbət edərik" - cavabını verdi. 

Bu görüşdən sonra da onunla bir neçə dəfə zəngləşib hal-əhval tutduq, sağlamlıq durumu ilə maraqlandıq. Ötənləri, keçənləri xatırlaya-xatırlaya xeyli söhbət etdik. Neçə dəfə eşitdirsək də, Həşim yazı məsələsini yaxına qoymadı. Dedi ki, nə etmişik, zabit kimi, vətəndaş kimi öz borcumuzu yerinə yetirmiş, torpaqlarımızın azadlığı uğrunda vuruşmuşuq: "Çox təəssüflənirəm ki, tez yaralandım, Şuşa uğrunda vuruşmadım. Amma xoşbəxtəm ki, Şuşanın erməni işğalçılarından azad olunmasının sevincini yaşadım".

Bu günlərdə yenə də Həşimdən hal-əhval tutmaq üçün nömrəsini yığdıq. Bir neçə çağırış səsindən sonra telefondan səs gəldi. Gələn səs Həşimin deyildi, qadın səsi idi. Fikirləşdik ki, görəsən telefonunu zabit dostumuz özü niyə açmır? Bəlkə... Özümüzü təqdim edəndən sonra qadından Həşimi soruşduq. Bir anlıq onun səsi qırıldı, titrədi, danışa bilmədi. Araya sükut çökdü, bu anlarda ağlımızdan yüz fikir gəlib keçdi. Az sonra qadın kövrək səslə, dili əsə-əsə artıq Həşimin həyatda olmadığını dedi. Biz onu fevral ayının 7-də  itirdik. Bu xəbər bizi sarsıtdı... Heç bilmədik ki, dünyanın harasındayıq. Eşitdiyimiz kədərli xəbər bizi nə qədər sarsıtsa da, təsəlli üçün Həşimin həyat yoldaşı Kəmalə xanıma dərin hüznlə başsağlığı verdik.

Xatirələrini dinləmək üçün Həşimin döyüşçü və xidmət yoldaşları ilə görüşüb söhbət etdik. Ehtiyatda olan zabit Rəşad Gülməmmədov onun xidmət və döyüş yolundan söz açaraq dedi ki, mayor Həşim Həşimov çox vətənpərvər, yurduna, torpağına ürəkdən bağlı bir hərbçi idi: "Şəxsi heyətin mənəvi-psixoloji hazırlıq bölməsində müavin vəzifəsində xidmət edirdi. İşinin öhdəsindən bacarıqla gəlir, üzərinə düşən vəzifələri peşəkarlıqla yerinə yetirirdi. Əsgərlərə öz övladı kimi yanaşır, həmişə, hər yerdə onlara düzgün istiqamət göstərirdi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması məqsədilə bütün zəruri tədbirləri görürdü. Siyasi dərslərin, məşğələlərin vaxtlı-vaxtında keçirilməsini daim nəzarətdə saxlayırdı. 27 sentyabr 2020-ci ildə erməni işğalçılarının təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda yaradılmış minaatan qruplarından birinə də o başçılıq edirdi. Onun rəhbərlik etdiyi qrupun minaatanları erməni işğalçılarına ağır zərbələr vururdu. Döyüşlər nə qədər gərgin olsa da, Həşim əsgərlərini güllələrdən qorumağa çalışırdı. O, sona qədər istəyinə nail oldu. Minaatan qrupundan yaralanan yalnız Həşim oldu. Yaralanandan sonra dörd ildən çox yaşadı, onun ölümü tanıyanları sarsıtdı. Biz hərbçi yoldaşları Həşim kimi vətənpərvər zabiti, qəhrəman hərbçini heç vaxt unutmayacağıq".

İkinci Qarabağ müharibəsində zabit Həşim Həşimovla çiyin-çiyinə vuruşmuş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sübhan Namazov komandirini xatırlayaraq dedi ki, onu müharibədən əvvəl tanıyıb: "Çox mehriban, mülayim insan idi. Nə vaxtsa onun əsgərlə yüksək səslə danışdığını görmədik. Hansısa bir iradı, narazılığı olanda da həmişə aşağı səslə danışardı. Yoldaş mayor çox vətənpərvər zabit idi. Danışığından, hərəkətlərindən, sözlərindən Vətən sevgisi yağırdı". 

Zabit Həşim Həşimov yaralanarkən onu mövqedən döyüşçü yoldaşları çıxarıb. Onlardan biri  Sübhan Namazov olub. Sübhan həmin gərgin günlərdən söz açaraq dedi: "Mən zabit Həşim Həşimovun rəhbərlik etdiyi minaatan qrupunun tərkibində vuruşurdum. Dəqiq zərbələrlə düşmən hədəflərini məhv edərək irəliləyirdik. Mayor Həşimov atəş açmaq üçün elə əlverişli yerlər seçirdi ki, yağıların mərmisinə tuş gəlməyək. Hər addımda tabeliyindəki əsgərləri qorumağa çalışırdı. Artıq müharibənin bir ayı arxada qalmışdı. Oktyabr ayının 27-si idi. Döyüşlər Füzuli rayonunun Şıxlı kəndi istiqamətində gedirdi. Atəş səslərindən qulaq tutulurdu. Saat on iki radələri idi. Komandirimiz əlverişli bir yerdə dayanıb növbəti atəşlərin istiqamətini müəyyənləşdirmək üçün düşmən tərəfdə durbinlə müşahidə aparırdı. Birdən həyəcanlı səslə dedi ki, təcili olaraq şəxsi heyəti dayandığı mövqedən çıxaraq. Qəsbkarlar yerimizi müəyyənləşdiriblər, atəş açmağa hazırlaşırlar. Vaxt itirmədən əmr yerinə yetirildi, şəxsi heyət təhlükəsiz yerə çıxarıldı. Amma zabit Həşimov dayandığı yerdən geri çəkilməyərək dedi: "Siz arxaya çəkilin, indi düşmən buranı atəşə tutacaq". Bu sözlər onun ağzından çıxar-çıxmaz qəsbkarların atdığı minaatan mərmilər bir-birinin ardınca yaxınlığımıza düşdü. Atəşdən sonra başımı qaldırıb baxanda mayor Həşimovun yaralandığını gördüm. İşğalçıların atdığı mərmi demək olar ki, komandirin ayağının birini qoparmışdı. Qəlpələr o biri ayağının bud nahiyəsinə və üzünə də dəymişdi. Qan onu aparırdı. Aman Allah, mən nələr görürdüm, yoldaş mayor qan içindəydi. Ağır yaralanmağına baxmayaraq, o özünü itirmədi, ayağına keyidici iynə vurdu. Vəziyyət nə qədər gərgin olsa da, tələm-tələsik komandiri təhlükəsiz yerə çıxarmağa çalışdıq. Çünki hospitala tez çatdırılsaydı, həyatını xilas etmək mümkün olardı. Düşmən mərmisinə tuş gəlsəm də, nəyin bahasına olursa-olsun komandirimi xilas etməliydim. Şükürlər olsun ki, mayor Həşimovu təhlükəli zonadan çıxara bildim. Sonra onu hospitala apardılar. Əgər komandir bizi geri çəkilmək barədə vaxtında xəbərdar etməsəydi, hamımız işğalçıların mərmi atəşinə tuş gələcəydik. Zabit Həşimov son ana qədər tabeliyində olan əsgərləri qorudu. Bir müddətdən sonra zəng edib hospitalla əlaqə saxlayanda öyrəndik ki, həkimlər mayor Həşimovun həyatını xilas ediblər. Bu xəbər bizi xeyli sevindirdi. Sonra bir-birindən uğurlu döyüşlərimiz oldu. Bu cür uğurlu döyüşləri ilə şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında Qarabağı erməni işğalçılarından azad etdi". 

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sübhan Namazov müharibə başa çatandan sonra da mayor Həşimovla əlaqə saxlayıb, onu unutmayıb. Həmin günlərdən söz açan Sübhan dedi ki, Türkiyədə müalicə olunandan sonra  H.Həşimov özünü yaxşı hiss edirdi: "Onun ölüm xəbəri doğmalarını, biz dostlarını çox sarsıtdı. Elə bilirik ki, ən yaxın, ən əziz adamımızı itirmişik. Cəsur zabit Həşim Həşimovu heç vaxt unutmayacaq, həmişə ehtiramla xatırlayacağıq".

Zabit Həşim Həşimov 7 noyabr 1978-ci ildə İsmayıllıda dünyaya göz açıb. 1985-ci ildə rayondakı 1 nömrəli orta məktəbin birinci sinfinə gedib. 1996-cı ildə orta təhsilini başa vuraraq Gəncə şəhərindəki Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinə qəbul olub. Ali təhsilini bitirdikdən sonra - 2002-ci ildə ordu sıralarına çağırılıb. Əsgər kimi Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirib. Bir il sonra - 2003-cü ildə ordumuzun sıralarında zabit kimi xidmətə başlayıb. 2020-ci ilə qədər müxtəlif vəzifələrdə xidmət edib. Harada, hansı vəzifədə xidmət etməsindən asılı olmayaraq, Həşim həmişə özünü doğruldub, üzərinə düşən tapşırıqları bacarıqla yerinə yetirib. 27 oktyabr 2020-ci ildə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər zamanı Xocavənd rayonu istiqamətində düşmənin mövqelərini yararkən yaxınlığına düşən düşmən mərmisinin partlaması nəticəsində hər iki ayağından və çənəsindən ağır yaralanıb. Sağ ayağı amputasiya olunub. 29 noyabr 2022-ci ildə ordu sıralarından tərxis olunub. Uzun müddət davam edən müalicələrə baxmayaraq, sağlamlığını bərpa etmək mümkün olmadığına görə ona 2-ci qrup müharibə əlili statusu verilib.

İkinci Qarabağ müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə Həşim Əzim oğlu Həşimov "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb. 

Ağır yaralanmasına, ayağının birinin amputasiya olunmasına baxmayaraq, Həşim Həşimov təhsilini də davam etdirib. 2023-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Torpaqşünaslıq və aqrokimya fakültəsinin maqistratura pilləsinə qəbul olub. Təəssüflər olsun ki, amansız ölüm ona təhsilini davam etdirməyə imkan verməyib. 7 fevral 2025-ci ildə müharibədə aldığı yaralardan yaranmış onkoloji xəstəlikdən dünyasını dəyişib.

Həyat yoldaşı Kəmalə Əbilova Həşimi kövrək hisslərlə xatırlayır: "Həşim bütün müsbət cəhətləri özündə birləşdirmiş şəxsiyyət idi. Savadlı, sağlam düşüncəli, saf ruhlu, böyük ürəkli insan idi. Vətəninə çox bağlıydı, üçrəngli bayrağımızı canından da çox sevirdi. Tez-tez bu sözləri təkrarlayırdı: "Bayraq Ana vətənimizin qeyrət örpəyidir, ona uzanan əllər mütləq kəsilməlidir". Onun haqqında nə qədər dəyərli sözlər desək, yenə də azdır. Arxada qalan illər ərzində mən dünyaya Həşimin gözləri ilə baxmağı öyrənmişəm. Deməli, həyat yoldaşımın iradəsi güclü olub, onun yarımçıq qalmış işlərini mən tamamlamalıyam".

Cəsur döyüşçünün böyük qızı Şövkət atasını həmişə göz yaşları ilə xatırlayır: "Atamın mərdliyi həmişə bizə örnək olub. Onun bir zamanlar verdiyi dəyərli nəsihətlər indi də ən çətin anlarımda köməyimə gəlir. Övladı kimi mən onunla fəxr edirəm. Atam yurduna bağlı, ailəcanlı, cəsur və mərd bir hərbçi idi. Bu il onun ən böyük arzusunu yerinə yetirərək ali məktəbə qəbul oldum. İnanıram ki, indi atamın ruhu şaddır". 

Kiçik qızı Məhsəti də atasını kövrək hisslərlə yada salır: "Atam yalnız Vətən uğrunda canını fəda etdiyi üçün deyil, həm də valideyn kimi qəhrəmandır! Atam iştirak etdiyi məclisə rəng qatan, şənlik yaradan, hamı ilə dil tapan, dünyagörüşü zəngin bir insan idi. Uşaqlıqdan indiyə qədər ünvanladığım bütün suallara ətraflı cavab verirdi. Demək olar ki, bütün sahələri mükəmməl bilirdi. Atam çox iradəli, güclü, qorxmaz, dözümlü və mərd idi. Ömrünün son günlərinə qədər bir dəfə də olsun dilindən "ağrıyıram" sözünü  eşitmədik. Hansı ki, içində ağrılar çəkirdi, ancaq üzdə bunu büruzə vermirdi. Sözləri də, gözləri də, çöhrəsi də həmişə ətrafa nur saçırdı  atamın. Atamın əlində heç kəsdə hiss etmədiyim istilik var idi. Ancaq 7 fevral 2025-ci ildə yuxudan oyanıb, atamın otağına yaxınlaşanda başa düşdüm ki, artıq o istiliyi bir də hiss etməyəcəm. Həmişə atam mənim əllərimi isidərdi, həmin gün onun soyuq əllərini mən isitdim".

Məhsəti Həşimova söhbətinin sonunda dedi ki, Vətən üçün gərəkli bir vətəndaş olmağa çalışacaq: "Tək mən yox, bütün Azərbaycan gəncləri gücünü, bilik və bacarıqlarını vətənimizin, dövlətimizin daha da qüdrətli olmasına yönəltməlidir. Hamımız çalışmalıyıq ki, dünyanın bütün ölkələrində Azərbaycan bayrağı dalğalansın. Əgər bunu bacarsaq, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçmiş şəhidlərə olan borcumuzu az da olsa ödəmiş olarıq". 

Mayor Həşim Həşimov kimi igid, cəsur oğulların İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlar heç vaxt unudulmayacaq. Gələcək nəsillər igidliyi, qəhrəmanlığı bu cəsur döyüşçülərdən öyrənəcəklər, həmişə onlarla fəxr edəcək və qürur duyacaqlar.

 Vahid MƏHƏRRƏMOV,

 "Azərbaycan"

Избранный
24
azerbaijan-news.az

1Источники