2019-cu ildən davam edən strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur və bu çərçivədə yeni saziş imzalanıb.
Marja xəbər verir ki, bu, Microsoft ilə OpenAI-nin birgə açıqlamasında bildirilib.
Açıqlamaya görə, Microsoft OpenAI-in ictimai maraqlara xidmət edən şirkət quruluşunu və yenidən kapitallaşdırma planını dəstəkləyir.
Yenidən təşkilatlanmadan sonra Microsoft-un təxminən 135 milyard dollarlıq investisiya ilə OpenAI-də 27 faizlik paya sahib olacağı qeyd olunub. Bu göstərici işçilər, investorlar və OpenAI Fondunun paylarını da əhatə edir.
Açıqlamada həmçinin vurğulanıb ki, OpenAI bundan sonra da Microsoft-un əsas süni intellekt tərəfdaşı olaraq qalacaq və Microsoft OpenAI-in məhsulları və modelləri üzərindəki əqli mülkiyyət hüquqlarını 2032-ci ilə qədər əlində saxlayacaq.
Bundan əlavə, OpenAI-nin Microsoft-dan 250 milyard dollarlıq əlavə Azure xidmətləri almağı öhdəsinə götürdüyü qeyd olunub.