Cənubi Koreyada Donald Trampa qızıl tac hədiyyə edilib
Ajans.az AFP-ya istinadən xəbər verir ki, Tramp öz ölkəsində “ABŞ-da krallar yoxdur” şüarı ilə etirazlarla üzləşmiş olsa da, Seulda onun üçün “krallara layiq” hədiyyə hazırlanıb. Tramp Çinə səfəri öncəsi Cənubi Koreyada həmkarı Li Ce-myunqla görüşüb. Görüş Cənubi Koreyanın tarixi paytaxtı Gyeongjuda keçirilən dəbdəbəli mərasimlə müşayiət olunub. Tədbirin sonunda Trampa eramızdan əvvəl 57-ci ildən eramızın 935-ci ilinə qədər hökm sürmüş Silla sülaləsinin krallarının taxdığı qızıl tacın surəti təqdim edilib. Tramp hədiyyəni “Silla dövründən qalma, mövcud olan ən böyük və ən dəbdəbəli qızıl tacın surəti” adlandıraraq, onun “səmavi və yerüstü liderlik arasındakı ilahi əlaqəni” simvolizə etdiyini bildirib. Cənubi Koreya prezident administrasiyası isə bəyan edib ki, tac “Koreya yarımadasında sülh, birgəyaşayış və rifahı – Silla sülaləsinin uzunmüddətli sabitlik dövrünü əks etdirən dəyərləri” təcəssüm etdirir. Bundan əlavə, Trampa Cənubi Koreyanın ən yüksək dövlət mükafatı – Mugunqva Böyük Ordeni də təqdim olunub. Ordenin üzərində rifahı simvolizə edən dəfnə yarpağı təsvir olunub və sənəddə “Koreya yarımadasına gətirəcəyiniz sülh və rifahı gözləyərək” ifadəsi yer alıb. Tramp hədiyyəni qəbul edərkən “Bu, böyük şərəfdir. Kaş ki, onu indi taxa bilsəydim,” – deyə zarafatla bildirib.