RU

ÜST: Qəzza sektorunun 15 minə yaxın sakini tibbi təxliyəyə ehtiyac duyur  

Təxminən 15 min fələstinlinin Qəzza sektorundan tibbi təxliyəyə ehtiyacı var.

AZƏRTAC xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bu barədə qurumun Kopenhagendə keçirilən Avropa Regional Bürosunun 75-ci sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, indiyədək 700-ə yaxın pasiyent xaricdə müalicə ala bilmədiyi üçün dünyasını dəyişib.

“Qəzzadan pasiyentləri qəbul edən üzv ölkələrə təşəkkür edirəm və onlardan daha çox xəstə qəbul etmələrini istəyirəm. Aralarında 4 mini uşaq olmaqla 15 minə yaxın pasiyent müalicə üçün Qəzza sektorundan təxliyə olunmalıdır”, - deyə Tedros Adhanom Qebreyesus vurğulayıb.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı İsrailin nəzarətində olan ərazilərə hücum edərək 250-dən çox yəhudini əsir götürüb. İsrail buna cavab olaraq Qəzza sektorunda hərbi əməliyyata başlayıb. Bombardmanlar nəticəsində indiyədək həlak olan fələstinlilərin sayı 68 min nəfəri keçib, 170 mindən çox insan isə yaralanıb.

Bu il oktyabrın 9-da Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə HƏMAS hərəkatı və İsrail Birləşmiş Ştatların Prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsi ilə bağlı razılığa gəlib.

Избранный
11
3
azerbaijan-news.az

4Источники