Rusiya Ermənistanda baş nazir Nikol Paşinyanın qarşısına yeni rəqib çıxarıb. Bu şəxs Masis şəhərinin meri, müxalif “Şərəfim var” blokunun parlament fraksiyasından olan David Ambarsumyandır. Artıq revanşistlərin seçimi təsdiqlənib.
Keçmiş prezidentlər - Robert Köçəryan və Serj Sərkisyanla son 7 ildə heç nəyə nail olmayan Kremlin bu seçimi diqqətləri çəkib. Heç şübhəsiz ki, burada əsas sual Nikol Paşinyan-David Ambarsumyan duelindən kimin qalib çıxacağıdır.

Siyasi analitik Asif Nərimanlı Musavat.com-a açıqlamasında Ermənistan müxalifətinin qələbə şanslarının kifayət qədər az olduğunu vurğulayıb:
“Revanşistlərin Paşinyana qarşı seçki mübarizəsində şansı görünmür. Birincisi, onların Ermənistan cəmiyyətində dəstəyi yetərincə deyil. İkincisi, müxalifət düşərgəsində ciddi parçalanmalar var. Lakin seçkidə bütün müxalifət birləşsə belə, yenə də sivil seçki mübarizəsində nəticə əldə edəcəkləri çətin görünür. Hazırda revanşistlərin ortaya atdığı ideyalardan biri Paşinyanın impiçment məsələsidir. Bu məsələni Serj Sərkisyan komandası irəli sürür, Robert Köçəryanın dəstəsi isə bunu dəstəkləmir, çünki onlar belə bir ideyanın nəticə verəcəyinə inanmırlar. Əslində Paşinyanın impiçment edilməsi texniki olaraq da mümkün deyil. Çünki bu, iki mərhələdən ibarət olan prosedurdur. Əvvəlcə “baş nazirin impiçmenti ilə bağlı qanun layihəsi”nin parlamentin müzakirəsinə çıxarılması üçün deputatların üçdə biri bunu dəstəkləməlidir, yəni onların imzası ilə layihə təqdim olunmalıdır. Müxalifətin mandat sayı bu qədər deyil.
Əgər layihəni parlamentin müzakirəsinə çıxara bilsələr, onun qəbulu səs çoxluğu, yəni deputatların üçdə ikisinin dəstəyi ilə qəbul oluna bilər. Parlamentdə hakim partiyanın çoxluq təşkil etməsi fonunda bu, qeyri-mümkün ssenaridir. Fikrimcə, impiçment məsələsi müxalifətin gündəmdə qalmaq, diqqət çəkmək üçün irəli sürdüyü ideyalardandır. Bütövlükdə seçki mübarizəsində müxalifətin şansı çox azdır”.
Cavanşir ABBASLI
Musavat.com