“Rosneft” və “Lukoil”a qarşı məhdudiyyətlər qüvvədə olsa da, neft ixracı sabit qalır...
Poliqon xəbər verir ki, ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalar Rusiya enerji sektoruna hələlik ciddi zərbə vurmayıb. Reuters-in sənaye mənbələrinə istinadla verdiyi məlumata görə, məhdudiyyətlərə baxmayaraq, Rusiya neft şirkətləri Qərb limanlarından xam neft ixracını dayandırmayıb və ixrac həcmi sabit olaraq qalır.
Agentliyin məlumatına görə, oktyabr ayında Rusiyanın qərb limanları, Primorsk, Ust-Luqa və Novorossiysk vasitəsilə neft ixracı gündə təxminən 2,33 milyon barel səviyyəsində proqnozlaşdırılır. Bu, Rusiyanın yenilənmiş aylıq ixrac proqramına uyğun gəlir və hava şəraitinə, həmçinin sanksiya təzyiqlərinə baxmayaraq, logistikanın hələlik sabit olduğunu göstərir.
ABŞ hökuməti “Rosneft” və “Lukoil” ilə bütün kommersiya əlaqələrinin 21 noyabra qədər tam dayandırılması barədə müddət təyin edib. Lakin analitiklərin bildirdiyinə görə, Baltik dənizi limanlarından Hindistanın emal zavodlarına neftin çatdırılması təxminən dörd həftə çəkdiyi üçün hazırda yüklənən partiyalar bu tarixdən sonra Hindistana çatacaq. Bu isə həm maliyyə, həm də sığorta baxımından əlavə risklər yaradır.
“Hazırda Primorskdan yüklənən bütün partiyalar Hindistana yalnız 21 noyabrdan sonra çatacaq. Bu səbəbdən bank əməliyyatlarında problemlər yarana bilər, çünki rus şirkətləri rupi ilə ödəniş qəbul etmək istəmirlər”, deyə Reuters-ə danışan mənbə bildirib.
Hindistanın əsas neft emalı zavodları isə hələlik Rusiya nefti ilə bağlı gələcək qərarlarını verməyiblər. Mütəxəssislər hesab edirlər ki, qarşıdakı həftələrdə ixrac əməliyyatları daha çox vasitəçi və ticarət şirkətləri üzərindən həyata keçiriləcək. Bu isə Rusiya tərəfi üçün əlavə xərclər yaratsa da, alıcı ölkələri, xüsusilə Hindistan və Çin şirkətlərini sanksiya risklərindən müəyyən qədər qoruyacaq.
Bununla belə, enerji analitikləri xəbərdarlıq edirlər ki, ABŞ sanksiyalarının tam qüvvəyə minməsi ilə Rusiya neft ticarətində “kölgə” vasitəçilərin rolu daha da artacaq və bu, qlobal neft bazarında qiymət dəyişkənliyini gücləndirə bilər.
Poliqon.info
 
                        