BAKI, 30 oktyabr. TELEQRAF
Qazaxıstanın Xarici İşlər naziri Yermek Koşerbayev ABŞ Prezidenti tərəfindən Cənubi və Mərkəzi Asiya üzrə Xüsusi nümayəndə Sercio Qor və ABŞ Dövlət katibinin birinci müavini Kristofer Landau ilə görüş keçirib.
Teleqraf xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
Məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyinin geniş spektrini müzakirə ediblər. Xüsusi diqqət iqtisadi və investisiya tərəfdaşlığı, innovasiya və süni intellekt, təhsil və elmi əməkdaşlıq, həmçinin energetik təhlükəsizlik və kritik mineralların hasilatı sahələrinə yönəldilib.
Koşerbayev qeyd edib ki, Astana Vaşinqtonu iqtisadi islahatlar və modernləşmə prosesində əsas tərəfdaşlardan biri hesab edir. O, dayanıqlı iqtisadi artım təşəbbüslərində əməkdaşlığa hazır olduqlarını vurğulayıb və Qazaxıstanın qlobal energetik təhlükəsizliyin təmin olunmasında, təchizat zəncirlərinin sabitliyində və Mərkəzi Asiya regionunun davamlı inkişafında əhəmiyyətini qeyd edib.
Görüş iştirakçıları həmçinin regional əməkdaşlığın, o cümlədən “C5+1” dialoq platforması çərçivəsində dərinləşdirilməsinə maraq ifadə ediblər. Bu il həmin platforma 10 illiyini qeyd edir və onun Mərkəzi Asiyada regional inteqrasiyanın, nəqliyyat-loqistika əlaqələrinin və davamlı iqtisadi artımın inkişafına töhfə verdiyi vurğulanıb.
Söhbət zamanı Qazaxıstan Prezidenti Qasım-Comart Tokayevin ABŞ Prezidentinin dəvəti ilə Vaşinqtonda keçiriləcək “C5+1” Sammitində iştirak perspektivləri də müzakirə olunub.
Görüşün sonunda Qazaxıstanın XİN rəhbəri və ABŞ nümayəndələri regionun sabitliyi, təhlükəsizliyi və rifahı naminə strateji tərəfdaşlığın daha da gücləndirilməsinə hazır olduqlarını təsdiqləyiblər.
 
                        