RU

Azərbaycan regional nəqliyyat habına çevrilir

Zəngəzur dəhlizi 2028-də açılır

Prezidentin səfərləri ilə Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf mərhələsinə qədəm qoydu

Prezident İlham Əliyev Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşüb. Dövlət başçısı kəndlərə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib. Ölkə rəhbəri vurğulayıb ki, "Böyük Qayıdış" proqramının başlanğıcı Zəngilan rayonunda qoyulub: "Birinci kənd - Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır və çox gözəl şərait yaradılıb və gözəl də saxlanılır. Mən indi Ağalının içi ilə keçdim və yeni binalarla tanış olarkən gördüm ki, bütün həyətyanı sahələr sanki gözəl bir bağa çevrilib. Biz buranı keçmiş köçkünlərə təhvil verəndə qupquru bir yer idi. Necə ki, indi Məmmədbəyli kəndində də hələ ki, o qədər də çox ağac yoxdur. Ancaq illər keçdikcə vətəndaşlar özləri qurub-yaradırlar, əkib-becərirlər. Dövlət nə lazımdırsa edib, sizi gözəl şəraitlə təmin edib və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz". Prezident qeyd edib ki, bölgə çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək: "Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək. Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq - qurduğumuz şəhərlər və kəndlər bunu göstərir". 

Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzura növbəti səfərini "Sherg.az"a dəyərləndirən millət vəkili Vüqar Bayramov deyib ki, Prezidentin rəhbərliyi ilə həyata keçirilən intensiv bərpa və yenidənqurma işləri nəticəsində Şərqi Zəngəzur regionun nəqliyyat habına çevrilməkdədir. Deputatın sözlərinə görə, Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər tamamlanmaq üzrədir: 

"Uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin gələn il istifadəyə veriləcəyi gözlənilir. Uzunluğu 124 km olan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu isə artıq tamamlanmaq üzrədir. Ermənistan ərazisindən keçəcək işlərin planlaşdırılmasını da nəzərə aldıqda Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Bu isə Orta Dəhlizin regional imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək. Şərqi Zəngəzur həmçinin böyük turizm, sənaye və aqrar potensiala malik olan bölgələrimizdəndir".

Parlament üzvü bəyan edib ki, Prezidentin 5 il ərzində işğaldan azad olunmuş ərazilərimizə səfərləri və infrastrukturun qurulması, məskunlaşmaya, yeni iş yerlərinin yaradılmasına xidmət edən təməlqoyma mərasimlərinin keçirilməsi Qarabağ və Şərqi Zəngəzurun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir: 

"Bunlar isə eyni zamanda o deməkdir ki, Şərqi Zəngəzur yaxın zamanlarda Azərbaycan iqtisadiyyatında əsas inkişaf drayverlərdən birinə çevriləcək. İlkin qiymətləndirmələrə görə, Azərbaycan iqtisadiyyatının təxminən 10 faizi həcmində işğaldan azad olunmuş ərazilərimizin yeni dəyər yaratma potensialı var. Bərpa-yenidənqurma prosesindən sonra Qarabağ və Şərqi Zəngəzur 12 milyard manatdan artıq yeni dəyərin formalaşmasına və bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyasına töhfə verə biləcək".
Избранный
31
sherg.az

1Источники