RU

Azərbaycan-Rumıniya strateji tərəfdaşlığı güclənir

Qara dənizdən Cənubi Qafqaza sabitlik körpüsü qurulur

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; 

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 28-də ölkəmizdə səfərdə olan Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean ilə görüşüb. Sədr S.Qafarova qonağın ölkəmizə son altı ayda ikinci dəfə səfər etməsinin Azərbaycan və Rumıniya əlaqələrinin dinamik inkişafının bariz göstəricisi olduğunu qeyd edib. Beynəlxalq Parlament Konfransının əhəmiyyətindən danışan spiker vurğulayıb ki, bu konfrans il ərzində parlament tərəfindən həyata keçirilən tədbirlərin davamıdır və dost ölkələrin parlamentarilərini bir araya gətirir. Görüşdə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, yüksəksəviyyəli səfərlər və görüşlər ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır, imzalanmış çoxsaylı sənədlər isə bu əməkdaşlığın möhkəm hüquqi bazasını təşkil edir. Qeyd olunub ki, enerji sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan qazının Rumıniyaya ixracı bu ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Həmçinin təhsil, elm və mədəniyyət sahələrində, eləcə də regionlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. 

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı məmnunluqla qeyd olunub. Milli Məclisin sədri bildirib ki, dövlətlərimiz arasında olan münasibətlər qanunverici orqanlar arasında da əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanlar yaradır. Parlamentlərarası dostluq qruplarının fəaliyyəti, parlament rəhbərlərinin və deputatların qarşılıqlı səfərləri bu əlaqələrin möhkəmlənməsinə xidmət edir. Sahibə Qafarova görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh gündəliyinə də toxunub. O, Vaşinqtonda sülh sazişinin paraflanmasının əhəmiyyətini qeyd edib, sülhün və sabitliyin region üçün xüsusi önəm daşıdığını vurğulayıb. Həmçinin etimad quruculuğu prosesinin vacibliyinə toxunulub, bu çərçivədə Ermənistan parlamentinin sədri ilə keçirilən görüş barədə məlumat verilib. Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudean Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi ilə bağlı təbriklərini çatdırıb. O, Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin əhəmiyyətindən bəhs edərək bildirib ki, enerji, nəqliyyat, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Qonaq, həmçinin Azərbaycanla Ermənistan arasında normallaşma prosesində əldə olunan nailiyyətlər münasibətilə təbriklərini ifadə edib və bu prosesin regionda dayanıqlı sülhün bərqərar olmasına xidmət edəcəyinə inandığını bildirib. Abrudean deyib ki, üç onillik ərzində konstitusiyanız həm tarixi, həm də hüquqi əhəmiyyətini qoruyub saxlayıb və ölkənin dinamik inkişafı ilə yanaşı olaraq təkamül edib. O çıxışı zamanı bir neçə istiqamətdə əməkdaşlıq təklif edib: "Sizin "ASAN xidmət" modeliniz var. Bunu Rumıniyada tətbiq edə bilərik. Artıq başlamışıq". M.Abrudean vurğulayıb ki, Cənubi Qafqazda və Qara dəniz regionunda sabitlik hamının xeyrinədir.  O əlavə edib ki, Azərbaycan konstitusiyası ölkədə demokratik hakimiyyət bölgüsünü və qanunun aliliyini təmin edir. Eyni zamanda Rumıniya və Azərbaycan parlamentləri arasında İşçi qrupun yaradılması təklif olunub. Görüşdə parlamentlərarası əlaqələrin müxtəlif komitələr çərçivəsində inkişaf etdirilməsi yolları müzakirə olunub, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Azərbaycan ilə dost və tərəfdaş Rumıniya arasında münasibətlərin əsası hələ orta əsrlərdə qoyulub.Tarixin müxtəlif çağlarında inkişaf edən bu əlaqələr hər iki ölkənin müstəqilliyə qovuşmasından sonra keyfiyyətcə yeni mərhələyə yüksəlib. Rumıniya Azərbaycanın dövlət müstəqilliyini 1991-ci il dekabrın 11-də rəsmi şəkildə tanıyıb. Rəsmi Buxarest Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il iyunun 19-da qurulub. Ötən dövrdə Azərbaycan və Rumıniya arasında ümumilikdə 61 sənəd imzalanıb, hazırda isə bir sıra əməkdaşlıq sənədlərinin layihələri hazırlanır. Bu amil əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlət də Rumıniya olub. Ötən illər ərzində hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri xüsusilə faydalı olub. BMT çərçivəsində, eləcə də ATƏT, Avropa Şurası, NATO, Qara Dəniz Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların Parlament Assambleyalarında Azərbaycan və Rumıniya hər zaman bir-birinə siyasi dəstək nümayiş etdirib. Rumıniya bir qayda olaraq Azərbaycan tərəfindən irəli sürülən bütün regional iqtisadi layihələrə dəstək verib. Eyni zamanda Rumıniya Avropa İttifaqının enerji təminatında Azərbaycanın əvəzedilməz rolunu yüksək qiymətləndirərək Cənub Qaz Dəhlizi layihəsinə Aİ çərçivəsində dəstək verilməsinin təşəbbüsçülərindən olub. Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün potensial dəfələrlə artıb. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha sübut edir. Ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atılacaq. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər, doğrudan da, strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Ötən il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilk növbədə Azərbaycanın iqtisadi qüdrətinin təntənəsi idi. 

Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Avropa ölkələri arasında Rumıniya və Azərbaycan xüsusi münasibətləri ilə seçilir. Ekspert bəyan edib ki, Rumıniya Azərbaycanla strateji tərəfdaşlıq quran ilk Avropa dövlətlərindəndir: 

"Azərbaycan Rumıniyadan yanacaq məhsulları alır. Təhsil sahəsində əməkdaşlıq əlaqələri mövcuddur. Rumıniya hər zaman Avropa İttifaqı ilə Azərbaycan münasibətlərində bizim yanımızda olub. Qara dənizlə birbaşa əlaqəsi olan Avropa ölkəsi kimi Rumıniyanın əhəmiyyəti böyükdür. Bu, digər Avropa ölkələrinə qaz ötürülməsi üçün tranzit xüsusiyyəti daşıyır. Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri xüsusilə faydalı olub. BMT çərçivəsində, Avropa Şurası, NATO, Qara Dəniz Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların Parlament Assambleyalarında Azərbaycan və Rumıniya hər zaman bir-birinə siyasi dəstək nümayiş etdirib".
Избранный
17
sherg.az

1Источники