Bu fikirləri sözügedən məsələ ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi ekspert Ramiyə Məmmədova deyib. Ekspert bildirib ki, Monteneqroda artıq bir müddətdir daxili böhran yaşanır. Bu böhran həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə özünü göstərir. Belə şəraitdə cəmiyyətdə yaranan gərginlik hadisələrin inkişafına və ictimai münasibətlərə ciddi təsir edir.
"Hazırda Monteneqroda əcnəbilərə qarşı birmənalı münasibət yoxdur. Çünki orada qanunsuz yaşayan miqrantlar da mövcuddur və onların arasında qaydaları pozanlar olduqda, bu, digər əcnəbilərə də şamil edilir. Bildiyiniz kimi, ombudsman tərəfindən yayılan bəyanatda da qeyd olunub ki, bəzi hallarda vətəndaşlarımıza qarşı müəyyən hərəkətlər ola bilər. Bu xəbərdarlıq, əslində, orada yaşayan vətəndaşlarımızın təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Digər tərəfdən, sənədləri və ya yaşayış icazəsi olmayan şəxslərin deportasiyası da gündəmdədir. Bu hal təkcə Monteneqroda deyil, ümumiyyətlə Avropada müşahidə olunur. Bir çox ölkələrdə miqrantlara qarşı təzyiqlər artır, diskriminasiya halları çoxalır. Balkanlarda da eyni proses gedir və onların ölkədən çıxarılması kimi hallar genişlənməkdədir," - deyə siyasi şərhçi əlavə edib.
R. Məmmədova bildirib ki, Balkanlarda baş verən bu hadisələr həm daxili böhran, həm də siyasi gərginliklə bağlıdır. Cəmiyyətdəki bu problemlər nəticə etibarilə əcnəbilərə qarşı mənfi münasibətin yaranmasına gətirib çıxarır. Yəni baş verən hər hansı cinayət hadisəsi və ya sosial insidentlər də əcnəbilərin üzərinə yönələn təzyiqləri gücləndirir.
"Türkiyə ilə Balkan ölkələrinin münasibətlərinə gəldikdə isə, məlumdur ki, bu bölgədə çoxsaylı türk əsilli insanlar yaşayır. Türkiyə hər zaman Balkanlardakı türk icmalarına və ümumilikdə türk dünyasına qarşı həssas yanaşıb. Bu məsələdə Azərbaycan da Türkiyənin mövqeyini paylaşır. Hazırda da türk mənşəli əhalinin qorunması Türkiyənin öz üzərinə götürdüyü bir məsuliyyət kimi qiymətləndirilir.
 Balkanlarla Türkiyə arasındakı münasibətlər, eləcə də Azərbaycanın həmin region ölkələri ilə əməkdaşlığı siyasi baxımdan normal səviyyədədir. Bu münasibətlər türk icmasının müdafiəsini də özündə ehtiva edir. Ümumilikdə Balkanlarda Türkiyənin rolu böyükdür", - deyə ekspert vurğulayıb.
Siyasi şərhçi bildirib ki, Hazırkı vəziyyətlə bağlı Türkiyə və Azərbaycan tərəfi ombudsman və Xarici İşlər Nazirliyi vasitəsilə məsələnin araşdırılmasını, aydınlaşdırılmasını istəməlidir. Əsas məqsəd insanların zərər çəkmədən, təhlükəsiz şəkildə ölkədən çıxarılması və ya onlar haqqında ədalətli qərarların verilməsinə nail olmaqdır. Əks halda, bu məsələ dərinləşə və daha ciddi nəticələrə gətirib çıxara bilər. Çünki həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın və Türkiyənin Monteneqro, eləcə də digər Balkan ölkələri ilə əməkdaşlıq münasibətləri var. Buraya turizm, iqtisadi layihələr, vizasız gediş-gəliş və digər sahələr daxildir. Əgər gələcəkdə bu istiqamətdə yeni insidentlər baş versə, təbii ki, iki ölkə arasında münasibətlərdə müəyyən soyuqluq yarana bilər. Lakin bütün bunlar Monteneqronun və ümumilikdə Balkan dövlətlərinin atacağı addımlardan, onların türk və Azərbaycan vətəndaşlarına qarşı ədalətli və düzgün qərarlar verməsindən asılı olacaq.
Sevda Dəniz
 
                        