ain.az, 525.az portalına istinadən məlumat verir.
“Ermənilər çox gözəl bilirlər ki, hərbi cinayətlər törədən Qarabağ klanı illər ərzində erməni xalqını da öz qurbanlarına çeviriblər. Ona görə də Ermənistanda revanşistlərin heç bir şansı yoxdur”.
Bu barədə 525.az-a Milli Məclisin deputatı Asim Mollazadə Ermənistanda cərəyan edən siyasi prosesləri şərh edərlən deyib.
Onun sözlərinə görə, həm Köçəryan, həm də Sarkisyan öz xalqını soyaraq Avropanın multi-milyarderlərinə çevriliblər. Onların əlləri tək Azərbaycan xalqının deyil, hətta ermənilərin də qanına batıb:
“Buna görə də seçki yolu ilə qalib gəlmək, möhkəmlənmək şansları sıfıra bərabərdir. Eyni zamanda, diasporanın dəstəklədiyi bəzi millətçi qüvvələrin də imkanları çox aşağıdır. Çünki Ermənistan əhalisi müharibələrdən, soyğunçuluqdan yorulub, ölkələrinin nəhayət, normal bir ölkəyə çevrilməsini istəyirlər. Ona görə də hətta Qarabağ müharibəsində məğlubiyyətdən sonra keçirilən seçkilərdə Paşinyan xalqının dəstəyini qazandı. Lakin həmin qüvvələr hansısa qeyri-demokratik üsullar barədə düşünürlər. Onlar həm diasporadan, həm də Rusiyadan ciddi dəstək alırlar”.
Deputat deyib ki, Ermənistanda proseslərin sülh yolu ilə gedəcəyini, yaxud daxili toqquşmaların olacağını zaman göstərəcək: “Lakin vurğulamaq lazımdır ki, hələlik Paşinyan siyasi hakimiyyəti qoruya bilir”.
Erkən seçkilərə gəlincə, deputat bunun rəsmi səviyyədə təkzib olunduğunu, amma başvermə ehtimalının da mümkünlüyünü istisna etməyib: “Hər şey ola bilər. Amma hələlik erkən seçkilərə gedilməsi ilə bağlı qərar yoxdur”.
Onun sözlərinə görə, revanşistlər çevrilişə əl atarsa, bu, sülh prosesinə ciddi təhlükə yarada bilər: “Bununla belə, Azərbaycan Ermənistanın istənilən aqressiv hərəkətlərinə hazırdır. Həmin hərbi cinayətkarlar hansısa təxribat törətmək istəsələr, o zaman bu ölkənin mövcudluğu ciddi suallar doğuracaq”.
Pərvanə Sultanova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.