RU

Hamiləlikdə hərəkətsizlik təhlükəlidir: Ana və döl üçün risklər açıqlanıb

“Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində danışan mama-ginekoloq Sahilə Vəliyeva hamilə qadınlarda az hərəkətli həyat tərzinin həm fiziki, həm də psixoloji sağlamlığa mənfi təsir etdiyini bildirib.

News365.az xəbər verir ki, Həkimin sözlərinə görə, uzun müddət oturaq vəziyyətdə qalmaq piylənməyə səbəb olur, bu isə hamiləlik şəkəri və yüksək qan təzyiqi riskini artırır. Eyni zamanda, bel, kürək və ayaqlarda ağrılar, ayaqlarda şişkinlik, damar genişlənməsi və tromb kimi problemlər də yaranır. Psixoloji baxımdan isə hərəkətsiz hamilələrdə stress, gərginlik, əhval dəyişiklikləri, yuxusuzluq və hətta depressiya halları daha çox müşahidə olunur. Bunun səbəbi hərəkət zamanı endorfin hormonunun ifraz olunması, oturaq həyat tərzində isə onun azalmasıdır.

S.Vəliyeva vurğulayıb ki, dölün sağlam inkişafı da hamilənin həyat tərzindən birbaşa asılıdır. Hərəkətsizlik qan dövranını zəiflədir və bu, dölün oksigen və qida maddələri ilə təminatını azalda bilər. Əzələlərin zəifləməsi isə doğuş prosesini çətinləşdirir və onun gedişinə mənfi təsir göstərir.

Həkim tövsiyə edir ki, hamilələr həkim məsləhəti ilə yüngül gəzintilər etsin, hamiləlik üçün nəzərdə tutulmuş xüsusi məşqləri yerinə yetirsin və hər saatdan bir qısa hərəkət fasiləsi alsın. Bundan əlavə, meditasiya və nəfəs məşqləri həm ananın rahatlığı, həm də körpənin inkişafı üçün faydalıdır.

İlk növbədə məqsəd hərəkət və aktiv həyat tərzini qoruyaraq həm ananın, həm də dölün sağlamlığını təmin etməkdir.

News365.az

Избранный
32
news365.az

1Источники