RU

Gəncədə Türkiyənin Respublika Günü qeyd olunub

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Gəncə, 30 oktyabr, Elcan Məmmədov. AZƏRTAC

Türkiyənin Gəncədəki baş konsulluğunun təşkilatçılığı ilə Türkiyə Respublikasının elan edilməsinin 102-ci ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycan və Türkiyə Respublikasının Dövlət himnləri səsləndirilib.

Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop çıxışında Cümhuriyyətin yaranma tarixindən, 102 illik inkişaf yolundan və Türkiyə-Azərbaycan dostluq münasibətlərindən danışıb. O, Türkiyə Respublikasının bundan sonra da inkişaf edəcəyinə, həmçinin regionda və beynəlxalq müstəvidə təkrarı olmayan Azərbaycan-Türkiyə qardaşlığının əbədi olacağına inamını ifadə edib. Daha sonra konsul Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 102-ci ildönümü münasibətilə ünvanladığı təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipi əsasında formalaşan Azərbaycan-Türkiyə münasibətləri bu gün Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın birgə siyasi iradəsi, qarşılıqlı etimad və dostluq üzərində daha da möhkəmlənir. O bildirib ki, dövlət başçılarının rəhbərliyi ilə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir, həyata keçirilən birgə layihələr xalqlarımızı daha da yaxınlaşdırır. Niyazi Bayramov Cümhuriyyətin elan edilməsinin 102-ci ildönümü münasibətilə baş konsulu və onun timsalında qardaş Türkiyə xalqını təbrik edərək, onlara sülh, əmin-amanlıq və rifah arzulayıb.

Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.

Qeyd edək ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyətin elan edilməsi barədə qərar qəbul edib və 1925-ci ildə bu günün Türkiyə dövlətinin yaranması günü kimi qeyd olunması haqqında qanun təsdiqlənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
azertag.az

1Источники