RU

Bakıda "Heydər Əliyevin türkçülük siyasəti" mövzusunda elmi-praktik konfrans keçirilib

Bakı, 23 dekabr, AZƏRTAC

Dekabrın 23-də Atatürk Mərkəzində "Soydaş Sosial Mədəni Əlaqələr" İctimai birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş "Heydər Əliyevin türkçülük siyasəti" mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılışında çıxış edən "Soydaş Sosial Mədəni Əlaqələr” İctimai Birliyinin sədri Mehriban Paşayeva bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti zamanından qardaş ölkə Türkiyə ilə siyasi, mədəni, iqtisadi məsələlər zəminində bir-birilərini dəstəkləyiblər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov Ulu Öndər Heydər Əliyevin daim öz uzaqgörənliyi ilə zamanı qabaqladığını, hakimiyyətdə olduğu illərdə peşəkarcasına ölkəmizi idarə etdiyini bildirib. Qeyd edib ki, Heydər Əliyevin Azərbaycana, xalqımıza ən böyük töhfəsi ölkəmizə uğurla rəhbərlik edən, dünya liderləri arasında adı hörmətlə çəkilən Prezident İlham Əliyevi yetişdirməsi olub.

Səbail rayonu Yeni Azərbaycan Partiyasının (YAP) sədri, deputat Muxtar Nağıyev bildirib ki, Heydər Əliyev dünyada nadir dövlət xadimlərindən və şəxsiyyətlərdən biridir. Onun fəaliyyətinin bütün istiqamətlərində milli-mənəvi dəyərlərimiz başlıca prinsip olub. Ümummilli Lider cəmiyyətin inkişaf dinamikasında ənənə və müasirliyi, milli irsə böyük ehtiramı başlıca hərəkətverici qüvvə hesab edib.

Deputat Vüqar İskəndərov Ulu Öndərin Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəl ilə qardaşlıq münasibətlərinin Türk dünyasının həmrəylik rəmzi olduğunu vurğulayıb. O, Türkiyə və Azərbaycan münasibətlərinin tarix boyu yaşayacağını bildirib.

Tədbirdə deputat Müşfiq Məmmədli, Elman Nəsirov, Razi Nurullayev, Azər Badamov, politoloq Səlahəttin Par, tarix üzrə fəlsəfə doktoru, əməkdar müəllim Firdovsiyyə Əhmədova, pedaqoji elmlər doktoru Zəhra Muradova, tarix elmləri doktoru Həvva Məmmədova, pedaqogika üzrə fəlsəfə doktoru İlham Əhmədov, yazıçı Nabi Kırmızı, jurnalist Səadət Qarabağlı və Vətən Müharibəsinin iştirakçısı, "Qarabağ” ordenli ehtiyatda olan polkovnik Rəşad Aslanov iştirak ediblər.

Избранный
435
50
azertag.az

10Источники