RU

Azərbaycan Ermənistan münasibətləri: Vaşinqton Bəyannaməsi və “Tramp marşrutu” yeni dövrün başlanğıcıdır

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Paris, 30 oktyabr, AZƏRTAC

VIII Paris Sülh Forumu çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan ilə “Yol ayrıcında liderlik: parçalanmış dünyada güc və sabitlik arasında keçid” adlı müzakirələr təşkil edilib.

AZƏRTAC xəbər verir ki, müzakirələrdə əvvəlcə Nikol Paşinyan regiondakı son siyasi dəyişikliklər, avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişi və “Tramp marşrutu” layihəsi haqqında danışıb. Sonra o, iştirakçıların suallarını cavablandırıb.

Baş nazirin qeyd edib ki, Ermənistan ilə Azərbaycan arasında sülh artıq reallıqdır. “Bu sülh ABŞ Prezidenti Donald Trampın şəxsi təşəbbüsü və iştirakı ilə Vaşinqtonda keçirilən Sammitin nəticəsində əldə olunub. Biz bu prosesdə ABŞ-ın rolunu yüksək qiymətləndiririk, çünki Prezident Trampın şəxsi dəstəyi olmasaydı, bu nəticə mümkün olmazdı,” – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, imzalanmış Vaşinqton Bəyannaməsi yalnız Ermənistan-Azərbaycan münasibətlərində deyil, bütövlükdə Cənubi Qafqazda tarixi dönüş nöqtəsidir.

Sazişdə regionda kommunikasiyaların açılması, qarşılıqlı suverenliyin və sərhədlərin toxunulmazlığının təmin olunması kimi prinsiplər əksini tapıb.

Baş nazir qeyd edib ki, “Tramp planı” çərçivəsində tərəflər ABŞ-la birgə çalışaraq, Ermənistanın və Azərbaycanın iştirak etdiyi Şərq-Qərb nəqliyyat dəhlizi üzrə razılığa gəliblər. Bu dəhliz beynəlxalq ticarət zəncirlərinə yeni nəfəs gətirəcək və region ölkələri üçün iqtisadi inkişafın mühüm təməli olacaq.

Açıq sərhədlər və yeni tranzit imkanları

Azərbaycan tərəfinin tranzit məhdudiyyətlərini ləğv etdiyini açıqlayan Paşinyan bu qərarı “tarixi addım” adlandırıb. “Biz bu qərarı çox yüksək qiymətləndiririk və Ermənistan tərəfi də öz növbəsində regional əlaqələrin qurulmasına tam hazırdır. Mən artıq bəyan etmişəm ki, Ermənistan-Türkiyə dəmir yolu bağlantısını bərpa etməyə hazıram”, - deyə o bildirib.

Baş nazirin fikrincə, İranla dəmir yolu əlaqəsinin bərpası, həmçinin Rusiya ilə birləşdirici xətlərin qurulması Ermənistanı Mərkəzi Asiya və Aralıq dənizi istiqamətlərində yeni kommunikasiya mərkəzinə çevirəcək.

Sülhü qorumaq və daxili sabitlik

Gələn il Ermənistanda keçiriləcək parlament seçkilərinə toxunan Paşinyan deyib ki, ölkə daxilindəki siyasi proseslər sülh kursunun davamlılığı üçün vacibdir.

“Bəzi qüvvələr bu prosesə mane olmaq istəsələr də, mən əminəm ki, Ermənistan vətəndaşları sülhün və rifahın tərəfdarıdırlar. Biz dezinformasiya ilə mübarizə aparırıq və xalqımız bu siyasəti dəstəkləyir”, - deyə Baş nazir vurğulayıb.

Türkiyə ilə münasibətlər və gələcək perspektivlər

N. Paşinyan, həmçinin Türkiyə ilə diplomatik münasibətlərin bərpasının yaxın gələcəkdə mümkün olacağını bildirib. “Biz artıq dialoq mərhələsindəyik və mən inanıram ki, tezliklə sərhədlər açılacaq, diplomatik münasibətlər bərpa olunacaq. Bu, qaçılmaz bir prosesdir,” – deyə o əlavə edib.

Konstitusiya məsələsi və Qarabağ

Ermənistan Konstitusiyasında keçmişdə yer alan Qarabağla bağlı istinadlara münasibət bildirən Paşinyan qeyd edib ki, 1994-cü ildə Ermənistan Konstitusiya Məhkəməsi bu məsələyə aydınlıq gətirib. O deyib: “Ermənistanın qonşularına qarşı heç bir ərazi iddiası yoxdur və gələcəkdə də belə iddiaların qaldırılmasına hüquqi əsas yoxdur. Vaşinqton Bəyannaməsi bu kimi bütün mübahisəli məsələləri hüquqi cəhətdən həll edir”.

Yeni regional reallıq

“Uzun illərdən sonra biz anlayırıq ki, region xalqlarının taleləri bir-biri ilə bağlıdır. Ermənistan, Azərbaycan və Gürcüstan eyni zamanda müstəqillik qazanıb, eyni zamanda da itirib. İndi isə biz birlikdə müstəqilliyimizi və suverenliyimizi qorumaq, birgə inkişaf etmək fürsətinə sahibik”, - deyə N. Paşinyan çıxışını yekunlaşdırıb.

Bu çıxış bu ilin avqustunda Ermənistan ilə Azərbaycan arasında paraflanmış sülh sazişinin regionda yeni siyasi və iqtisadi səhifə açdığını bir daha təsdiqləyir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
29
azertag.az

1Источники