88 milyon avroluq soyğun: Luvr hadisəsi ilə bağlı yeni həbslər
Ajans.az xəbər verir ki,bu barədə RTL radiosu hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, saxlanılan şəxslər çərşənbə axşamı Paris bölgəsinin müxtəlif yerlərində tutulublar. Eyni zamanda LCI telekanalı dörd nəfərin həbs olunduğunu xəbər verib. Hazırda saxlanılanlara qarşı konkret ittihamlar irəli sürülməyib və onların Luvr soyğununda birbaşa iştirakda ittiham olunan iki əsas şübhəli ilə əlaqələri araşdırılır. Xatırladaq ki, 19 oktyabr tarixində iş saatları ərzində maskalı şəxslər Luvr muzeyinə daxil olaraq imperiya kolleksiyasından doqquz eksponatı, o cümlədən Napoleon Bonapart və həyat yoldaşı Jozefinaya məxsus zərgərlik əşyalarını oğurlayıblar. Hadisə nəticəsində muzeyə təxminən 88 milyon avro dəyərində ziyan dəyib.