RU

Fazil Mustafa: “Torpağı azad edən hüquq yox, insanın iradəsi və dövlətin gücüdür”

Hüquq və İnsan Haqları İnstitutunda keçirilən “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbirində Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa çıxış edərək Qərbi Azərbaycan mövzusunda tarixi, hüquqi və ideoloji istiqamətlərin düzgün formalaşdırılmasının vacibliyini vurğulayıb.

QHT.az xəbər verir ki, deputat bildirib ki, bu gün Qərbi Azərbaycan məsələsində emosional deyil, hüquqi və diplomatik əsaslı yanaşmalar ön planda olmalıdır:

“Biz artıq Qərbi Azərbaycanın bizə məxsus olduğunu sübut etməyə çalışmaqdan çox, ora hüquqi yolla necə qayıda biləcəyimizi düşünməliyik. Torpağa bağlılığımız, hisslərimiz böyükdür, lakin bu, təkbaşına kifayət etmir. Biz bunu beynəlxalq səviyyədə, hüquqi və diplomatik müstəvidə təsdiqləməliyik. Təkcə təbliğatla və ya tarixi faktların nümayişi ilə torpaqlar azad olunmur. Dağlıq Qarabağla bağlı illərlə kitablar yazıldı, filmlər çəkildi, təbliğatlar aparıldı. Amma zaman göstərdi ki, tarixi həqiqəti isbat etməklə torpağı azad etmirsən. Torpağı insanın iradəsi, dövlətin və ordunun gücü ilə azad edirsən. Dövlətini, diplomatiyanı gücləndirməlisən ki, nəticə əldə olunsun.”

Komitə sədri Qərbi Azərbaycan məsələsinin bu baxımdan ibrət dərsi olduğunu vurğulayıb:

“Ən böyük dəyər insanın düşüncə və təhsil həyatının dirçəlməsidir. İrəvan Müəllimlər Seminariyası bu baxımdan Azərbaycan xalqının kimliyini qoruyan mühüm irs nümunəsidir. Həmin dövrdə azərbaycanlıların elmə və maarifə verdiyi önəm xalqımızın varlığını təsdiqləyirdi. Gələcəkdə Azərbaycan QHT-ləri, alimləri və ziyalıları beynəlxalq müzakirələrdə daha fəal və intellektual mövqe nümayiş etdirməlidirlər. Azərbaycanlıların ixtisaslaşmış QHT-lərə ehtiyacı var. Sabah Ermənistan QHT-ləri ilə masa arxasında oturanda onlardan daha hazırlıqlı olmalıyıq. Alimlərimiz müzakirələrdə intellektual üstünlüyə sahib olmalıdırlar. Bizim universitetlərimiz, səhiyyəmiz, iqtisadi potensialımız və demoqrafik imkanlarımız artıq Ermənistanı qabaqlayır, lakin bu üstünlüyü digər sahələrdə də sübut etməliyik.”

Deputat sonda vurğulayıb ki, Qərbi Azərbaycanla bağlı layihələr və yaradıcı təşəbbüslər ölkənin intellektual və mədəni gücünü dünyaya göstərmək baxımından mühüm əhəmiyyət daşıyır:

“Bu cür layihələr bizim milli yaddaşımızı gücləndirir. Əgər ədəbiyyatda, rəssamlıqda, elm və mədəniyyətdə adlarımız səslənməzsə, geridə qalarıq. Qələbəni yalnız döyüş meydanında deyil, düşüncə və yaradıcılıq sahəsində də qazanmaq lazımdır.”

 

Qeyd edək ki, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.

Избранный
22
qht.az

1Источники