Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında bildirib ki, Krasnoarmeysk istiqamətində döyüşlər Ukrayna Silahlı Qüvvələri üçün son dərəcə çətin mərhələyə qədəm qoyub.
Ümumiyyətlə, son vaxtlar Rusiyanın hücumlarında aktivlik müşahidə olunur. Ukrayna bu hücumlar qarşısında tab gətirə biləcəkmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Rusiya ilə Ukrayna arasında çox amansız döyüşlər gedir:
"Döyüşlərdə gah Rusiya, gah da Ukrayna üstünlük qazanır. Amma Krasnoarmeysk istiqamətində döyüşlərdə Ukrayna silahlı qüvvələri böyük problemlərlə üzləşib. Amma bu o demək deyil ki, Ukrayna silahlı qüvvələri zəifləyir. Rusiyanın hücumları aktivləşdirməklə nəyəsə nail olacağını düşünmürəm, çünki Rusiya 4 ildir hücum edir, amma konkret bir uğur ortalıqda yoxdur. Əlbəttə ki, Ukrayna dirəniş göstərir, artıq yeni silah-sursatlar əldə edib. Hər rus əsgərinə az qala iki dron düşür. Artıq dron müharibəsi gedir, şəxsi heyət öz yerindədir, amma daha çox dronlardan istifadə olunur".
Polkovnikin sözlərinə görə, dronlar Rusiya əsgərlərinə və zabitlərinə, ümumiyyətlə şəxsi heyətə, kolonlarına, logistikasına amansız zərbələr vurur.
"Hazırda havalar da soyuyur. Tərəflərdən biri digərini qışda qazsız, işıqsız, enerjisiz saxlamağa cəhd göstərir. Amma Ukrayna da Rusiyanın xeyli sayda neft emalı zavodunu, irili-xırdalı elektrik stansiyalarını sıradan çıxarıb. Krasnoarmeysk istiqamətində döyüşlər davam edir. Dünən Rusiya prezidenti dedi ki, Ukrayna ordusu mühasirəyə düşüb və o ərazilərə jurnalistləri də buraxmaq olar. İlk dəfədir ki, belə halla rastlaşıram: aktiv döyüş əməliyyatları gedən əraziyə jurnalistlər və ya ictimaiyyət nümayəndələri dəvət olunur. Belə başa düşürəm ki, Rusiyaya təzyiqlər artırılıb, iqtisadi sanksiyalar gücləndirilib ki, Rusiya Ukraynaya qarşı işğalçılıq siyasətini dayandırsın və danışıqlar masasında bu məsələlər danışısın, qərarlar verilsin", - deyə Ü.Cəfərov vurğuladı.
Aytəkin TOFİQQIZI
 
                        