Qazaxıstan parlamentinin aşağı palatası — Məclis LGBT təbliğatını qadağan edən qanun layihəsini qəbul edib.
Ölkə.Az Orda.kz-yə istinadən xəbər verir ki, bu barədə deputat İrina Smirnova məlumat verib.
“İnsan öz şəxsi həyatında nəyi vacib hesab edirsə, onu edə bilər — pedofiliya istisna olmaqla. Amma bu məsələnin təbliğatına ehtiyac yoxdur. Siz görməmisiniz, amma mən kitabxanalarda LGBT-ni təbliğ edən kitablar görmüşəm. Orada şahzadə şahzadəyə aşiq olur, iki oğlan bir-birini sevir — bu cür nümunələr çoxdur. Hətta bəzi cizgi filmləri, jurnallar və komikslər də bu ideyanı açıq şəkildə yayır”, – deyə Smirnova parlamentin kuluarlarında bildirib.
Deputatın sözlərinə görə, dövlət bu məsələni tənzimləməkdə bir qədər gecikib. O, həmçinin iddiaları da təkzib edib ki, qanun guya Rusiyanın analoqundan “köçürülüb”.
Parlament üzvü izah edib ki, LGBT mövzusunda olan filmlər və kitablar üçün xüsusi nişanlama (markirovka) tətbiq olunacaq, məhdudiyyətlərin konkret qaydaları isə Mədəniyyət Nazirliyinin normativ aktları ilə müəyyən ediləcək.
Bundan əlavə, Qazaxıstanda süni intellekt haqqında qanun da qəbul olunub. Yeni sənəd “deepfake”lərin (saxta video və audio materialların) yaradılmasına görə məsuliyyət müəyyən edir.
Bu barədə ölkənin süni intellekt və rəqəmsal inkişaf üzrə vitse-naziri Dmitri Mun açıqlama verib. O, sənədin çox “çərçivə xarakterli” olması ilə bağlı tənqidlərə cavab verərkən bildirib:
“Qanunun məqsədi texnologiyanın inkişafına mane olmaq deyil, əksinə, süni intellektin inkişafına yardım etməkdir. Əsas prinsiplər müəyyənləşdirilib, amma artıq müşahidə etdiyimiz risklər də gələcəkdə tənzimlənəcək”, – deyə Mun vurğulayıb.
Onun sözlərinə görə, “deepfake”lərə görə məsuliyyət nəzərdə tutulur:
“Qanunda qeyd edilir ki, süni intellekt texnologiyası ilə işləyən məhsullar təqdim edilərkən istifadəçilər bunun İA ilə əlaqə olduğunu anlamalıdırlar. Bu sahədə inzibati məsuliyyət və cəza normaları da müəyyən edilib”, – Dmitri Mun Məclisdə bildirib.