
Prezident Donald Tramp Çin prezidenti Si Cinpinlə əhəmiyyətli bir razılaşma əldə edib: ABŞ Çin mallarına tətbiq olunan gömrük rüsumlarını azaltmağa razılaşıb, qarşılığında Pekin fentanillə mübarizə vəd edib.
AFN.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Nəşrin analitikləri hesab edirlər ki, bu razılaşma ABŞ üçün ciddi risklər yarada bilər.
"Çin idxalına minimum rüsumun 20%-ə endirilməsi Tramp administrasiyası üçün önəmli bir macəradır". Kanal bildirir ki, Tramp ticarət müharibəsində Çinlə hər addımda güzəştə gedib və Çin tez-tez razılaşmanın öz hissəsini yerinə yetirmədiyindən ABŞ-ın ciddi qazancı olub-olmayacağı sual altındadır.
CNN həmçinin xəbərdarlıq edir ki, Tramp bu addımla ABŞ-ın əsas müttəfiqləri ilə münasibətləri daha da zəiflədə bilər: "O, Çin üçün rüsumları azaldarkən, Meksika və Kanadaya qarşı rüsumları artırmaqla hədələyir; bu ölkələr də fentanilə qarşı mübarizə aparır. Nəticədə razılaşma ABŞ-ın əsas iqtisadi rəqibi ilə münasibətləri yaxşılaşdıra bilər, lakin əsas ticarət tərəfdaşlarını qəzəbləndirə bilər".
Qeyd edək ki, Tramp və Si Cinpinin görüşü Cənubi Koreyanın Pusan şəhərində baş tutub və 1 saat 40 dəqiqə davam edib. Görüşün əvvəlində Si Cinpin ikitərəfli münasibətlərin inkişafını təmin etməyə çağırıb və Çin-ABŞ nümayəndələrinin əsas ticarət-iqtisadi problemlərdə ilkin razılığa gəldiyini qeyd edib. Tramp isə görüşü “möhtəşəm” adlandırıb.
