RU

Mərkəzi Gömrük Hospitalı “Medinex 2025” sərgisində iştirak edir

Bakı, 31 oktyabr, AZƏRTAC

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı 30 oktyabr – 1 noyabr tarixlərində “Baku Expo” Mərkəzində keçirilən 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi “Medinex 2025”də öz stendi ilə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın səhiyyə sahəsində mühüm tədbirlərdən olan “Medinex 2025” sərgisinin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev, rəis müavini Nahidə Mahmudova, Orqan transplantasiyası şöbəsinin transplantoloqu Mircəlal Kazımi, Kardiologiya şöbəsinin rəisi İlqar Tahiroğlu və digər nümayəndələr iştirak ediblər.

Daha sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Rasim İsmayılov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və digər rəsmi nümayəndələr “Medinex 2025” sərgisində təmsil olunan tibb müəssisələrin stendlərini ziyarət edərək, təqdim olunan tibbi yeniliklər, müasir texnologiyalar və innovativ tibbi xidmətlər ilə yaxından tanış olublar.

Baş həkim Bəxtiyar Musayev ziyarətçilərə Hospitalın 2025-ci ildəki fəaliyyət istiqamətləri, həyata keçirilən yeniliklər, eyni zamanda Orqan transplantasiyası şöbəsinin transplantoloqu Mircəlal Kazımi və onun komandası tərəfindən uğurla icra olunan və Azərbaycanın səhiyyəsində böyük nailiyyət kimi qiymətləndirilən meyit donordan 6 qaraciyər və 8 böyrək transplantasiyası əməliyyatları barədə ətraflı məlumat verib.

O, bildirib ki, müasir texnologiyaları və yüksək peşəkarlığı ilə ölkə səhiyyəsində özünəməxsus yer tutan Mərkəzi Gömrük Hospitalının məqsədi vətəndaşlara beynəlxalq standartlara uyğun, keyfiyyətli və etibarlı tibbi xidmətlər göstərməkdir.

Gənc həkimlər, rezident-həkimlər və ziyarətçilər Hospitalın innovativ xidmətləri ilə yaxından tanış olub, onların sualları ətraflı cavablandırılıb.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərləri sərgi çərçivəsində təşkil olunmuş müxtəlif yerli və beynəlxalq tibbi şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Sərginin ilk günü stend ziyarətçilərin də böyük marağına səbəb olub. Sərginin diqqət mərkəzində olan Mərkəzi Gömrük Hospitalının stendini ziyarət edən qonaqlar monitorda nümayiş olunan, hospitalın çoxşaxəli fəaliyyətini və son illərdə həyata keçirilmiş yenilikləri əks etdirən çarxları maraqla izləyiblər.

Избранный
60
3
azertag.az

6Источники