RU

Ramiz Mehdiyev–AXCP–Müsavat ittifaqı: köhnə siyasi şəbəkənin yeni təhlükəli oyunu

Bu gün dövlətlərin təhlükəsizliyi təkcə sərhədlərin qorunması və ya ordunun gücü ilə müəyyən olunmur. Qloballaşma, rəqəmsal texnologiyaların geniş yayılması və sosial şəbəkələrin təsir dairəsinin böyüməsi nəticəsində təhlükəsizlik anlayışı daha mürəkkəb hal alıb. Artıq milli maraqların qorunması üçün təkcə siyasi və iqtisadi deyil, ideoloji müstəvidə də sistemli müdafiə mexanizmləri qurmaq vacibdir.

ABŞ, Fransa, Almaniya, Çin və Rusiya kimi güclü dövlətlər bu tendensiyanı çoxdan dərk ediblər.

Məsələn, ABŞ-da 1938-ci ildən qüvvədə olan “Foreign Agents Registration Act” (FARA) adlı qanun xaricdən maliyyələşən təşkilatları ciddi şəkildə nəzarətdə saxlayır. Rusiya 2012-ci ildən “xarici agentlər” haqqında qanunla eyni mexanizmi tətbiq edib.

Türkiyə də 2016-cı ildən etibarən “milli təhlükəsizlik konsepsiyası” çərçivəsində xarici ideoloji təsirlərə qarşı “daxili dayanıqlıq siyasəti”ni formalaşdırıb.

Bu təcrübələr göstərir ki, ideoloji sabitlik hər bir dövlət üçün fiziki təhlükəsizlik qədər vacibdir. Azərbaycan da istisna deyil.

Azərbaycan üçün yeni çağırış — ideoloji təhlükə sərhədləri aşır

Azərbaycanın strateji mövqeyi və milli maraqlarını qorumaq baxımından ideoloji təhdidlərin əhəmiyyəti hərbi və coğrafi risklərlə müqayisə edilə biləcək səviyyədədir. Ölkəmizin müstəqil xarici siyasət yürütməsi və regionda nüfuzunun sürətlə artması, eyni zamanda enerji, nəqliyyat və regional təhlükəsizlik məsələlərində strateji tərəfdaş kimi tanınması, bəzi daxili və xarici maraq qruplarının narahatlığına səbəb olur. Bu qruplar fəaliyyətlərini siyasi plüralizm, insan hüquqları və demokratik dəyərlər pərdəsi altında həyata keçirərək dövlətin təməllərini sistemli şəkildə zəiflətməyə çalışırlar. Bu təzyiqlərin əsas elementi daxildəki “siyasi fəal” qruplardır. Onlar demokratiya və insan haqları şüarları altında, əslində ideoloji təxribatla məşğuldurlar. Məqsəd dövlətin təməl prinsiplərini, milli birliyini və mənəvi dəyərlərini zəiflətməkdir.

Xarici “demokratiya ixracı” – daxili sabitliyə təhdid

Özlərini “müxalifət” kimi təqdim edən bəzi strukturlar – xüsusilə AXCP və Müsavat uzun illərdir ki, xaricdə fəaliyyət göstərən mərkəzlərlə əlaqələrini gizlətmirlər. Onların Avropada yaşayan nümayəndələrinin erməni diasporu ilə təmasda olması, anti-Azərbaycan kampaniyalarında iştirak etməsi artıq sənədlərlə təsdiqlənib.

Məsələn, 2020-ci il Vətən Müharibəsi zamanı AXCP rəhbərliyinə yaxın şəxslərin sosial mediada orduya qarşı dezinformasiya yayması, beynəlxalq təşkilatlara “müharibəni dayandırmaq” çağırışları etməsi geniş rezonans doğurdu. Həmin çağırışlar “no war” şüarı altında aparılsa da, məqsəd Azərbaycanın legitim hərbi əməliyyatlarını gözdən salmaq idi. Bundan başqa Azərbaycanın tarixi ədaləti bərpa edərək qələbə qazanmasından sonra əli hər yerdən üzülən AXCP sədri Əli Kərimlinin rus sülhməramlıları, Xankəndi mövzusu üzərindən dövlətimizi və ordumuzu zəif göstərmək, xalqı hakimiyyətə qarşı qaldırmaq cəhdləri də yaddan çıxmayıb.

Bundan başqa, Vətən Müharibəsindən sonra Müsavat Partiyasının lideri İsa Qəmbərin oğlu İlkin Qəmbər “Ermənistan Krallığı – Roma ilə Parfiya arasında – Qədim tarix” adlı “sənədli film” çəkib. Filmdə İsa Qəmbərin oğlu sübut etməyə çalışıb ki, Ermənistan qədim dövlətdir. Azərbaycanın və Türkiyənin torpaqlarını da uydurma “dənizdən dənizə Ermənistanın ərazisi”nə qatır. Bu da bir kənara, Azərbaycanın heç adını çəkmir, eyni zamanda, sübut etməyə çalışır ki, bu torpaqlar qədimdən ermənilərə məxsus olub. Onun iddiasına görə, ermənilər buranın ilk sakinləridirlər.

İlkin Qəmbərin 2023-cü ildə qondarma “erməni soyqırımı”nın “ildönümü” ilə bağlı paylaşım edərək, “Bu gün erməni soyqırımının anım günüdür. Bir də heç vaxt”, kimi bəyanatlar verməsi də yaddan çıxmayıb.

Bütün bu addımlar təkcə cəmiyyətin milli hisslərinin təhqir edilməsi deyil. Bu həm də dövlətin beynəlxalq mövqelərini sarsıtmaq məqsədi daşıyan ideoloji təxribat kimi qiymətləndirilməlidir.

Belə fəaliyyətlər artıq siyasi xarakter daşımır, onlar açıq formada ideoloji sabotaj sayılmalıdır. Çünki bu cür addımlar dövlətin legitimliyini və milli maraqlarını hədəfə alır.

Ramiz Mehdiyev–AXCP–Müsavat ittifaqı: köhnə siyasi şəbəkənin yeni ideoloji oyunu

Son illərin siyasi prosesləri göstərdi ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev iqtidarda öz təsir imkanlarını itirməyə başladıqdan sonra köhnə siyasi kadrlar və radikal qruplar üzərindən dövlətə təzyiq mexanizmi qurmağa cəhd edib. Müxtəlif illərdə və epizodlarda Mehdiyevin yaxın çevrəsi ilə AXCP və Müsavat arasında koordinasiyalı informasiya kampaniyalarının aparılması mətbuatda dəfələrlə yazılıb.

Zaman-zaman ölkə üçün ən həssas dönəmlərdə sosial şəbəkələrdə hakimiyyət əleyhinə süni narazılıq dalğasının yaradılması, müxtəlif bəhanələrlə etiraz aksiyalarının təşkil edilməsi, “senzura”, “azad seçki” kimi tezislərin dövriyyəyə buraxılması bu planın tərkib hissəsi idi. Məqsəd ölkə daxilində xaos görüntüsü yaradaraq beynəlxalq müstəvidə Azərbaycandakı siyasi sabitliyi şübhə altına almaq idi.

Bu gün də AXCP və Müsavatın Azərbaycan dövlətinin suverenliyinə birbaşa təhdid yaradan xarici qüvvələrin tam nəzarəti altında fəaliyyət göstərməsinə dair çoxsaylı ittihamlar və əsaslı şübhələr var. Uzun illər boyunca R. Mehdiyevin “gərəklilik cədvəli” çərçivəsində koordinasiya olunan bu partiyalar, xarici kəşfiyyat və diversiya qrupları üçün ideoloji platforma rolunu oynayıb. Müxtəlif feminist və radikal qruplar xaricdən əldə edilən maliyyə və ideoloji dəstək vasitəsilə milli dəyərləri, ailə ənənələrini və vətənpərvərlik hissini sıradan çıxarmaq istiqamətində fəaliyyətlərini məhz AXCP və Müsavatın ideoloji müdafiəsi altında həyata keçiriblər.

“Beşinci kolon”un yeni üzü – feminist və “no war” şəbəkələri

Azərbaycanın güclü dövlət olması bütün dünya tərəfindən qəbul edilən aşkar reallıqdır. Ancaq buna baxmayaraq, bu gün radikal müxalifət, “no war”çılar və feminist şəbəkələr kimi daxili və xarici maraqlara bağlı qrupların fəaliyyəti milli təhlükəsizlik və ideoloji maraqlarımız üçün ciddi təhdid təşkil edir. 44 günlük Vətən Müharibəsi göstərdi ki, xalq və dövlət birliyi ölkənin ən fundamental dayağıdır. Vətən Müharibəsi dövründə bəzi radikal müxalifət nümayəndələrinin xarici mediaya verdiyi ziddiyyətli açıqlamalar, ordunun fəaliyyətinə kölgə salan bəyanatlar və saxta məlumatlar həmin dövrdə dövlətin milli maraqlarını və ideoloji istiqamətlərini hədəf almışdı.

Vətən Müharibəsi və ondan sonrakı mərhələdə AXCP və Müsavat rəhbərlərinin xaricdəki övladları daxil olmaqla, təsir dairələrinin hansı təxribatlar həyata keçirdiyini xatırlasaq, təhlükənin miqyasını təsəvvür etmək daha asan olar.

Qısası, Azərbaycan gücləndikcə onu zəiflətmək istəyən qüvvələr də aktivləşir. AXCP və Müsavat kimi partiyaların fəaliyyəti milli dəyərlərə və ideoloji dayaqlara yönəlmiş açıq təhdiddir. Hesab edirəm ki, milli birliyi parçalamağa çalışan “beşinci kolon” elementlərinə qarşı qanuni, sistemli və qəti tədbirlər həyata keçirilməlidir. Bu, milli təhlükəsizlik məsələsidir və hüquqi qiymət tələb edir.

Fərid Şahbazlı
Editor.az İnformasiya Portalının Baş redaktoru
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri

Избранный
43
editor.az

1Источники