Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ ilk dəfə olaraq gizli hesabatında İsrail ordusu tərəfindən insan haqlarının pozulmasının mümkünlüyünü etiraf edib.
Bu barədə “Vaşinqton Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“İsrailin hərəkətləri insan haqlarının kobud şəkildə pozulmasında günahlandırılan xarici hərbçilərə kömək etməyi qadağan edən Lihi qanunlarına tabedir. Bu, ABŞ Dövlət Departamentinin Baş Müfəttiş Ofisinin nəticələrində göstərilir. Məxfi hesabatda İsrail ordusu tərəfindən törədilən yüzlərlə qanun pozuntusu barədə ətraflı məlumat verilir. ABŞ Dövlət Departamentinin bu hadisələri araşdırması üçün bir neçə il lazım olacaq. Hesabat İsrail və HƏMAS arasında atəşkəs razılaşması imzalanmamışdan bir neçə gün əvvəl hazırlanıb”, – məlumatda deyilib.
Maraqlıdır, ABŞ-nin bu addımı İsraillə münasibətlərində uzunmüddətli gerçək dəyişiklik deməkdir, yoxsa taktiki jestdir?
Əlbəttə, ABŞ-nin İsrail ordusu ilə bağlı gizli hesabatda insan haqları pozuntularını etiraf etməsi ilk baxışdan ciddi dönüş kimi görünə bilər. Lakin bu məsələni iki paralel müstəvidə dəyərləndirmək lazımdır. Birinicisi, geosiyasi reallıq, ikincisi, daxili siyasi dinamika.
Çünki ABŞ üçün İsrail təkcə müttəfiq deyil. Yaxın Şərqdə strateji dayağı, kəşfiyyat, hərbi əməkdaşlıq və regional nizamın qorunmasında açar aktordur. Bu münasibət 50 ildən çoxdur formalaşıb və təkcə ideoloji yox, hərbi-siyasi arxitekturaya söykənir. Ona görə bu addımı Vaşinqton–Təl-Əviv münasibətlərində kəskin dönüş kimi təqdim etmək tezdir.
Digər tərəfdən, ABŞ daxilində İsrailə dəstək mövzusu son illərdə polarizasiya yaradıb. Xüsusilə demokrat elektorat, gənclər, sol-liberal dairələr və bəzi yəhudi qruplar insan haqları məsələlərinə daha həssasdır. Bu hesabatın ictimailəşməsi həm daxili siyasi tələbatın cavabıdır, həm də İsrail hökumətinə mesajdır.
Bir sözlə, belə hesabatlar çox vaxt təzyiq aləti və xəbərdarlıq funksiyasını daşıyır. Bu, ABŞ-nin İsrailə “oyun qaydalarını pozma” siqnalı verməsi, amma ittifaqı pozmaması deməkdir.
Hazırda bu addımı böyük geosiyasi transformasiya kimi yox, uzunmüddətli struktur münasibətləri qoruyaraq taktiki korrektə kimi dəyərləndirmək daha realistdir.
Elmar
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.