RU

NDU nəzdində Gimnaziya və Beynəlxalq Məktəbin təşkilatçılığı ilə “Zəfərin Səsi” adlı tədbir keçirilib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 31 oktyabr, AZƏRTAC

Oktyabrın 31-də Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İngilis dili təmayüllü Gimnaziya və Beynəlxalq Məktəbin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfərin Səsi” adlı tədbir keçirilib.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir çərçivəsində Beynəlxalq Məktəbin şagirdlərinin “Zəfərin rəngləri” adlı 50-yə yaxın rəsm əsəri və dekorativ-tətbiqi sənət nümunəsi, həmçinin Gimnaziyanın şagirdlərinin 15 rəngkarlıq və dekorativ sənət işi nümayiş olunub.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının 5-ci, müstəqil dövlətçiliyimizin hüquqi əsası olan Konstitusiyanın qəbulunun isə 30-cu ildönümü ərəfəsində belə tədbirlərin təşkili mühüm əhəmiyyət daşıyır.

Rektor qeyd edib ki, bu kimi tədbirlər gənc nəslin milli ideologiyaya sadiq, dövlətinə bağlı və vətənpərvər ruhda formalaşmasına mühüm töhfə verir. Diqqətə çatdırılıb ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış şanlı bir səhifədir. 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun şücaəti və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti nəticəsində ölkəmizin ərazi bütövlüyü tam bərpa olunub və bu gün Azərbaycanın bütün ərazilərində üçrəngli bayrağımız dalğalanır.

Rektor bildirib ki, bu günün gəncləri müstəqil və firavan ölkədə yaşamağın məsuliyyətini dərk etməli, tariximizi bilməli və savadlı, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşmalıdırlar. Çünki, qazanılan bu tarixi qələbə şəhidlərin canı, qanı bahasına əldə olunub və onların xatirəsini yaşatmaq hər bir azərbaycanlının borcudur.

Şəhid Sahil Məmmədovun anası Sahilə Məmmədova qeyd edib ki, Vətən uğrunda canından keçən hər bir şəhidin xatirəsi daim əzizdir və dövlət tərəfindən uca tutulur. Şəhid anası qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Sahil Məmmədovun keçdiyi qısa və mənalı həyat yolundan bəhs edib.

Naxçıvan Dövlət Universitetinin tələbəsi, II Qarabağ müharibəsi qazisi Əli Əlisoy çıxış edərək keçdiyi döyüş yolundan danışıb, şəhidlərin vətənin müdafiəsində göstərdiyi igidlik və qəhrəmanlıqları xatırladıb.

Tədbir NDU-nun Beynəlxalq Məktəbi və Gimnaziyasının şagirdlərinin hazırladığı bədii proqramla davam edib.

NDU-nun Beynəlxalq Məktəbinin direktoru Bayram Əliyev Zəfər Gününə həsr olunmuş esse yazı müsabiqəsi və futbol turnirinin qalibləri haqqında məlumatları diqqətə çatdırıb. Qaliblər mükafatlandırılıb, Beynəlxalq Məktəbdə təhsil alan şəhid övladlarına, həmçinin tədbirdə fəallıq göstərən müəllim və şagirdlərə təşəkkürnamə və hədiyyələr təqdim edilib.

Gimnaziyanın müəllimi Samirə Səfərovanın bədii rəhbərliyi ilə baş tutan konsert proqramının konsertmeysteri isə Fəridə Ağayeva olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
1
azertag.az

2Источники