Avrasiyanın nəqliyyat xəritəsini yeniləşdirmiş Bakı-Tbilisi-Qars dəmir yolu regionda Azərbaycanın çox əhəmiyyətli təsir amili olmaqla onu tranzit daşımalar mərkəzinə çevirir
Azərbaycanın reallaşdırdığı Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi dövlətimizi beynəlxalq səviyyəli tranzit və logistika mərkəzinə çevirib. BTQ Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçməklə Türkiyənin Qars şəhərinədək uzun bir məsafə qət edərək Azərbaycanla Türkiyəni, Şərqlə Qərbi birləşdirir. Layihənin tarixcəsinə qısaca nəzər salaq: 2004-cü il iyunun 14-də Gürcüstana rəsmi səfər edən Prezident İlham Əliyev burada keçirdiyi mətbuat konfransında Bakı–Tbilisi–Qars dəmir yolu layihəsini dəstəklədiyini və Azərbaycanın da bu layihədə iştirak etməyə hazır olduğunu bildirib. 2005-ci il mayın 25-də isə Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTQ dəmir yolu xətti layihəsi haqqında Bəyannamə imzalayıblar. 2007-ci il fevralın 7-də Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri zamanı BTQ-nin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Həmin ayın 21-də isə dövlətimizin başçısı layihə ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb. 2007-ci il noyabrın 21-də üç ölkənin prezidentlərinin iştirakı ilə Gürcüstanın Marabda kəndində BTQ-nin təməli qoyulub. 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində dəmir yolunun Türkiyə hissəsinin tikintisinə start verilib. Uğurla reallaşdırılan BTQ dəmir yolu xəttinin ümumi uzunluğu, təxminən, 840 kilometrdir. Bunun 500 kilometri Azərbaycan, 260 kilometri Gürcüstan, 80 kilometri isə Türkiyə ərazisindən keçir. Dəmir yolu xəttinin Gürcüstan–Türkiyə sərhədindəki hissəsində uzunluğu 5 kilometrə yaxın olan tunel inşa edilib.
Beləliklə, 2017-ci il oktyabrın 30-da daha bir mühüm layihə reallığa çevrildi. Həmin gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanında XXI əsrin layihələrindən olan Bakı–Tbilisi–Qars dəmir yolunun təntənəli açılış mərasimi keçirildi. Rəsmi Bakının güclü siyasi iradəsi, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri, əməkdaşlıq və etimad mühiti BTQ ilə bağlı qarşıya qoyulan hədəflərə çatmaq imkanı verdi. Dəmir yolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə etdi. Layihənin uğurlu fəaliyyəti iştirakçı ölkələrin geosiyasi əhəmiyyətini ildən-ilə daha da artırmaqdadır. Bu yol, həmçinin, bölgədə sabitliyə və təhlükəsizliyə xidmət göstərir. Məlumdur ki, beynəlxalq ekspertlər Azərbaycanın geosiyasi rolunun artmasında enerji və nəqliyyat layihələrinin önəminə böyük diqqət yetirirlər. TAP, TANAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Daz Dəhlizi kimi əhəmiyyətli layihələrin reallaşmasının qlobal səviyyədə insanların rifahının yüksəlməsində ciddi rol oynadığı vurğulanır. Daha çox isə bu kimi layihələrin təhlükəsizlik və sabitliyə böyük töhfə verdiyi ifadə edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi bu səbəblərdən bütün dünyanın diqqət mərkəzində idi. Onun reallaşa biləcəyinə inanmayanlar da vardı. Hətta Qərbdə bir sıra dairələr bu işə əngəl olmağa çalışdılar. Erməni diasporunun sözçüləri dəmir yolunun Ermənistandan keçməsini şərt kimi qoymağa cəhd etmişdilər. Nəticədə maliyyə problemi ortaya çıxmışdı. Azərbaycan və Türkiyə dərhal çətinliyi aradan qaldırdılar. O zaman aydın oldu ki, bu layihənin arxasında iki dost və qardaş dövlət dayanıb. Bu, Prezident İlham Əliyevin xarici siyasət kursunun önəmli qələbələrindən biri idi. Bakıda layihənin açılış mərasimi bu tezisləri tam təsdiq etdi. Prezident İlham Əliyev həmin tədbirdə söylədiyi nitqində vurğulamışdır: "Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq".
BTQ-nin açılışından ötən səkkiz il bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev regioal layihələrlə bağlı siyasətində düzgün seçim edib. Həm geosiyasi, həm də iqtisadi anlamda Azərbaycanın mövqeyinin gücləndirilməsinə xidmət edən bu layihənin əhəmiyyəti hazırkı beynəlxalq şəraitdə özünü daha aydın göstərir. Ukraynada davam edən müharibə fonunda Qərbin Moskvaya tətbiq etdiyi sanskiyaları və Rusiya ərazisindən yan keçən yeni dəhlizlər axtarışına çıxması Orta Dəhlizin və bu dəhliz üzərində yerləşən Azərbaycanın nəqliyyat və logistika imkanlarına marağı artırıb. BTQ Orta Asiya və Avropanın dəmiryol şəbəkələrinin birləşdirilməsini də təmin edir. Başqa sözlə, dəmir yolu Mərkəzi Asiya ölkələrinin- Türkmənistanın, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Tacikistanın və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Burada yükdaşınmalara sərf edilən vaxt 2 dəfədən çox qısaldılır.
Bakı-Tbilisi-Qars dəmir yolu Çin Xalq Respubliksınınin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi «Bir kəmər, bir yol» iqtisadi inkişaf strategiyasının da tərkib hissəsinə çevrilir. Strategiya iki əsas inkişaf istiqamətini nəzərdə tutur: İpək Yolu İqtisadi Kəməri və Dəniz İpək Yolu. Burada söhbət malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılmasından gedir. Çin ilə Azərbaycan arasındakı dostluq münasibətlərinə görə ölkəmiz Çinin irəli sürdüyü «Bir kəmər, bir yol» təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Çünki «Bir kəmər, bir yol» strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunu İpək Yolu İqtisadi Kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, görərik ki, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. Tam əminliklə demək olar ki, bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır.
Xatırladaq ki, 2021-ci ildə ilk dəfə olaraq BTQ vasitəsilə ixrac yüklərinin nəqlinə də başlanılıb. Belə ki, Azərbaycanda istehsal olunan metal konstruksiyaları Türkiyəyə ixrac olunub. 2024-cü ildə BTQ-nin Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. BTQ dəmiryol xəttinin Gürcüstandan keçən hisssəsi üzrə təmir işləri işlər 5 mərhələdən ibarət olub: Marabda–Tetriskaro, Tetriskaro–Tsalka, Tsalka–Axalkalaki, Axalkalaki–Kartsaxi və Axalkalaki kompleksi. 110 ha sahəyə malik Axalkalaki kompleksinin çərçivəsində bir estakada, 2 suötürücü, 4 körpü, 2 yol ötürücüsü və 2 yeraltı piyada keçidinin təmiri, ərazidə qardan mühafizə divarlarının tikilməsi, 17,9 km yeni kontakt şəbəkənin quraşdırılması, dartı yarımstansiyasının gücünün artırılması, 48 km stansiya daxili yolun, 3,9 km avtomobil yolunun inşası və s. həyata keçirilib. Eyni zamanda, kompleksin tikintisində yeni texnologiyalar tətbiq edilib, Avropa istehsalı olan müasir avadanlıqlardan istifadə olunub. Modernləşdirmə işləri tamamlandıqdan sonra 20 maydan etibarən yükdaşımaların bərpa edildiyi Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə ilk yük Türkiyəyə yola salınıb. 20 konteynerdən ibarət qatar 632 ton plastik xammalı Bakıdan Qarsa çatdırıb. Modernləşdirilmiş BTQ xətti Çin və Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin böyük hissəsinin Orta Dəhlizlə Azərbaycan üzərindən daşınmasına imkan verir. Orta Dəhliz və modernləşdirilmiş BTQ dəmir yolu xəttinin geniş imkanlarının müzakirəsindən sonra 2024-cü ilin iyun ayından Sian limanı ilə yanaşı, Çinin şərqdəki ən böyük limanlarından olan Liyanyunqanqdan etibarən yüklərin test rejimində göndərilməsinə başlanılıb.
Sevinc Azadi, “İki sahil”