ABL-nin V turunda "Naxçıvan" "Quba"ya 78:86 hesabı ilə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Naxçıvan”ın baş məşqçisi Nikola Bozinoski matçla bağlı fikirlərini bölüşüb:

"İlk olaraq oyuna 18 yaşlı yerli basketbolçu ilə start verdik. İlk dəfə start beşlikdə olmağına görə həyəcanlı görünürdü. Bu səhv addım idi. Rəqib oyunun əvvəlində 3 xallıq atışlarda yaxşı xallar qazandı və biz bilirdik ki, bu belə davam etməyəcək. Qələbə qazanacağımızı düşünürdük və yekunda da belə oldu. Müdafiədə ilk dəqiqələrdə çox sərt çıxış edə bilmədik. Ona görə də bu bizə bir az çətinlik yaratdı. “Ordu” ilə növbəti matça gəlincə isə onlarla qarşılaşdığımız görüşdə tam hazır deyildik. Amma hazırda daha hazırıq və onlara qarşı yaxşı basketbol nümayiş etdirəcəyik".

"Quba"nın  baş məşqçisi Şəhriyar Əsgərov isə "Naxçıvan"a məğlubiyyəti belə şərh edib:

"Rəqib düzgün taktika qurdu. Hakimlərin üçü də oyunu olduqca zəif apardı. Oyuna nəzarəti itirdilər və birtərəfli foullar verirdilər. Bilmirəm, səbəb nə idi. Həqiqətən belə oldu. Səbətin altındakı bir neçə foul epizodunu vermədilər. Düzdür, "Naxçıvan" güclü komandadır, buna söz yoxdur. Onları qələbə münasibəti ilə təbrik edirəm. Amma bu oyunu uda bilərdik. Nəsə alınmadı, görünür ki, nədəsə səhvimiz var. Komanda sonlarda oyuna düzgün nəzarət edə bilmədi. Son taym-autun ardından oyuna yaxşı qayıda bilmədik. Belədə, uduzduq. Oyunun sonlarında da hakimlərin səhv qərarları özünü çox göstərdi. Demək olar ki, birtərəfli hakimlik etdilər, belə olmaz axı. Sözsüz ki, rəqibin rotasiya imkanı bizdən güclüdür. Amma yerli və əcnəbi oyunçular nə varsa, etdilər. Sona qədər oynadılar. Burada 1-2 epizod var idi, onu da hakimlər imkan vermədi. Belədə, oyun əldən getdi. Növbəti matçlara hazırlaşacağıq".