BAKI, 3 noyabr. TELEQRAF
ABŞ nəqliyyat naziri Şon Daffi ölkə üzrə uçuşların gecikməsi və ləğvi barədə xəbərdarlıq edib. Nazir bu vəziyyətin səbəbini hökumətin fəaliyyətinin müvəqqəti dayandırılması (şatdaun) fonunda aviadispetçer çatışmazlığı ilə əlaqələndirib.
Teleqraf xəbər verir ki, bu barədəŞon Daffi "ABC" telekanalına müsahibəsində bildirib.
“İnsanların təhlükəsizliyini təmin etmək üçün istənilən uçuşu təxirə salmağa və ya ləğv etməyə məcbur olacağıq”, - o deyib.
Nazirin sözlərinə görə, əgər hökumət böhranı növbəti həftələrdə həll olunmazsa, vəziyyət daha da pisləşəcək.
ABŞ Federal Mülki Aviasiya İdarəsinin məlumatına əsasən, hava hərəkətinə nəzarət mərkəzlərinin təxminən 50%-i kadr çatışmazlığı ilə üzləşib, dispetçerlər isə şatdaun müddətində ödənişsiz işləməyə məcburdur.