RU

İcra başçılarının “işi”ndə baş memarların rolu

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Balakəndə, Qaradağda keçirdiyi əməliyyat zamanı icra başçısı və müavinləri ilə yanaşı baş memar və memarın həbs olunması yenidən diqqəti onların İcra Hakimiyyətlərindəki (İH) roluna cəlb etdi.

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalist İntiqam Valehoğlu sosial şəbəkədəki hesabında video paylaşıb.

“Fikir verirsinizsə, icra hakimiyyətlərində keçirilən əməliyyatlarda icra başçıları, müavinlərlə bərabər baş memarlar da həbs edilir. Bunun səbəbi bilirsinizmi nədir? Ölkənin istənilən rayonunda, istənilən bölgəsində vətəndaş qapısında, üzr istəyirəm, bir ayaqyolu tikəndə gəlirlər ki, bu, tikinti qaydalarına cavab vermir. Bax o işlərin hamısı həmin o şərəf yoxsulu olan baş memarların əli ilə həyata keçirilir”, – deyə jurnalist İntiqam Valehoğlu vurğulayıb.

Doğrusu, DTX-nin və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin apardığı əməliyyatlar zamanı baş memarların həbs olunması birmənalı qarşılanmır. Peşəsi quruculuqla birbaşa bağlı olan memarların rüşvətxor icra başçılarının “buyruq qulu”na, cəmiyyətdə iddia olunan kimi “qara kassası”na çevrilməsi həqiqətən acınacaqlı durumdur.

Abşeron rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin, Daşkəsən rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədovun, Neftçala rayon İH-nin memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyevin, Balakən şəhərinin baş memarı Tahir Rəcəbovun, Qaradağ icra hakimiyyətinin böyük məsləhətçisi (memar) Qafar Abdullayev və digərlərinin həbsləri bunu sübut edir.

Artıq neçə ildir ki, cəmiyyətdə getdikcə məhz baş memarların insanlarin işinə əngəllər törətdikləri barədə rəy hökm sürür. Özlərini “ağa” kimi aparan baş memarların xüsusi “qoçu dəstələri” vasitəsilə vətəndaşların, sahibkarların min bir əziyyətlə ərzəyə gətirdikləri obyektləri sökdükləri, bu yolla qısa vaxt ərzində özlərinə var-dövlət toplamağa can atdıqları, qanuni işlərə “qeyri-qanuni don” geyindirməyə çalışdıqları hiddətlə pislənilir. Belə “xidmət”in onlarla vətəndaşa, sahibkara maddi və mənəvi ziyan vurduğunu deməyə isə heç ehtiyac da qalmır.

Xatirə SADİQ

Избранный
72
nocomment.az

1Источники