RU

Britaniyada dəmir yolunun təhlükəsizliyi yenidən nəzərdən keçiriləcək

London, 3 noyabr, AZƏRTAC

Böyük Britaniyanın nəqliyyat naziri Heydi Aleksandr ölkədə dəmir yolu təhlükəsizliyinin bıçaqlı hücumdan sonra yenidən nəzərdən keçiriləcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, noyabrın 1-də Donkasterdən London istiqamətində hərəkət edən qatarda baş vermiş kütləvi hücumdan sonra 32 yaşlı şəxs 10 nəfərin qəsdən öldürülməsinə cəhd ittihamı ilə həbs olunub.

Nazir hökumətin təhlükəsizlik tədbirlərini nəzərdən keçirəcəyini və sürətli, eyni zamanda proporsional şəkildə cavab verəcəyini deyib. O, hava limanlarında tətbiq edilən skan texnologiyasının isə Britaniya dəmir yolu stansiyaları üçün uyğun həll olmadığını qeyd edib.

Hadisə Peterboro stansiyasından qatara minən, qara dərili Britaniya vətəndaşının sərnişinlərə bıçaqla hücum etməsindən sonra baş verib. Ümumilikdə 11 nəfər, o cümlədən vəziyyəti ağır, lakin stabil kimi qiymətləndirilən bir qatar işçisi xəstəxanada müalicə alır.

Britaniya Nəqliyyat Polisinin məlumatına görə, Peterborodan olan Entoni Uilyams adlı şəxs 10 nəfərin qəsdən öldürülməsinə cəhd, bədənə xəsarət yetirmə və bıçaqlı alət daşımaq ittihamları ilə məhkəməyə verilib.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
52
1
azertag.az

2Источники