Bütün ermənilərin katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan və onun oğlu Ambarsum Nersisyan saxlanılıb. Vəkil Ara Zöhrabyanın sözlərinə görə, onların hər ikisi xuliqanlıq və seçki kampaniyasına mane olmaqda ittiham edilir.
Vəkil sosial şəbəkə hesabında yazıb ki, istintaq orqanları onların tutulması və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilməsi barədə qərar qəbul edib. Həbslərə “Respublika” Partiyasından yerli özünüidarəetmə seçkilərində namizəd olan Arutyun Mkrtçyanın feysbukdakı paylaşımı səbəb olub. A.Mkrtçyan bildirib ki, 1 noyabrda katolikosun qardaşı Gevorq Nersisyan oğulları ilə birlikdə onun seçki kampaniyasına mane olub.
Belə bir vaxtda baş nazir Nikol Paşinyan ikinci dəfə Ohanavandakı kilsədə II Qareginin vəzifəsindən devrilmiş Stepan Asatryanın rəhbərliyi ilə keçrilən bazar liturgiyasında iştirak edib. Halbuki, Erməni Apostol Kilsəsi bu şəxsə kilsə ayinlərini yerinə yetirməsini qadağan edib və bazar günü liturgiyasının keçirilməsini "dağıdıcı təşəbbüs" adlandıraraq bunu Nikol Paşinyanın kilsəni parçalamaq cəhdi olduğunu bəyan edib. Kilsə bəyan edib ki, Ovannavank Erməni Apostol Kilsəsinin mülküdür və Stepan Asatryanın buradan getməməsi qanunsuzdur. Erməni Apostol Kilsəsi bu fonda polisə müraciət edib. Paşinyan isə bu fonda yenidən sosial şəbəkədə videomüraciət dərc edib və həmin müraciətdə bir daha Erməni Apostol Kilsəsinin II Qaregindən azad edilməsindən danışıb: “Hər birimiz başa düşürük ki, Erməni Apostol Müqəddəs Kilsəsinin mənəvi-əxlaqi yenilənməsinin gündəliyi, ilk növbədə, hər birimizin mənəvi-əxlaqi yenilənməsinin gündəliyidir. Müqəddəs məbədimizi Ktriç Nersisyan və onun dəstəsindən azad etməzdən əvvəl, mənəvi-əxlaqi mənada müqəddəs məbədimizə layiq olmalıyıq”. Paşinyanı “Vətəndaş müqaviləsi” partiyasının nümayəndələri və tərəfdarları, o cümlədən parlament sədri, nazirlər, qubernatorlar, deputatlar, icma liderləri müşayiət edib. Ermənistan parlamentinin spikeri Alen Simonyan qeyd edib ki, 2026-cı il parlament seçkilərindən əvvəl Erməni Apostol Kilsəsinin rəhbərliyində dəyişiklik baş verməlidir. Simonyan bütün ermənilərin katolikosu II Qaregini "vaxtında" istefa verməyə çağırıb: “O, başa düşməlidir ki, işlərin alternativi olmayan bir nöqtəyə çatmasına imkan verməməlidir. Alternativi olduğu müddətcə bu qərarı özü verə bilər”. Tavuşun keçmiş qubernatoru, hakim fraksiya deputatı Vahe Qalumyan jurnalistlərlə söhbətində təkid edib ki, onların fikrincə, subaylıq andını pozan təkcə katolikos deyil, digər bir sıra keşişlər də bura daxildir və onların müqəddəs adlandırılmağa haqqı yoxdur. Nə üçün bu məsələlərin inqilabdan cəmi 7 il sonra qaldırıldığını soruşduqda, Qalumyan cavab verib ki, bu gün reallıq daha geniş xalq kütləsinə məlum olub: “Müqəddəs taxt-tacda olanlar rəzildirlər, biz rəzil deyilik”.
Paralel olaraq, Eçmiədzində II Qareəinin taxta çıxmasının 26-cı ildönümü qeyd olunub. Eçmiədzində keçirilən liturgiya və mərasimdə müxalifətdən olan deputatlar və müxtəlif siyasi qüvvələr iştirak edib. Burada da olan “Hayasran” fraksiyasından Artur Xaçatryan Paşinyanın analoji liturgiyaya qatılması ilə bağlı qeyd edib: “Şərdən hər şeyi gözləmək lazımdır və bunun qarşısı alınmalıdır”. Müxalifətdən olan deputatın sözlərinə görə, yayda Erməni Apostol Kilsəsinə qarşı “planlı hücumun” qarşısı alındı, çünki hakimiyyət xalqın toplaşdığını və kilsəni müdafiə etdiyini görüb: “Ancaq o, əlbəttə ki, dayanmayacaq". Ermənistan Respublika Partiyasının İcra orqanının üzvü Eduard Şarmazanov həyəcan təbili çalaraq bildirib ki, Nikol Paşinyan Erməni Apostol Kilsəsinin daxilində parçalanma və məhvetmə prosesi aparır. Müxalifət xadimi əmindir ki, baş nazirin hərəkətlərinin arxasında Azərbaycan və Türkiyə dayanır. Digər müxalifətçi, “Ana Vətən” partiyasının Eçmiədzinin bələdiyyə sədrliyinə namizədi Xaçik Manukyan cəmiyyətdə parçalanma səpilməsinin yolverilməz olduğunu vurğulayaraq millət və milli dəyərlər ətrafında birləşməyə çağırıb: “Bəs baş nazirimiz nə ilə məşğuldur? O, birdən çox “mömin” oldu –bazar günü Ohanavandakı liturgiyada iştirak etdi”. Ermənistanın hakim partiyasından xaric edilmiş deputat Ovik Ağazaryan isə hesab edir ki, Nikol Paşinyan erməni kilsəsini parçalaya bilər: “Biz də, kilsə rəhbərləri də bilirik ki, çatışmazlıqlar var. Baş nazir bunu beş il əvvəl bilirdi, bəs niyə o zaman heç bir tədbir görülmədi? Çünki o zaman buna ehtiyac yox idi, indi isə var. Fikrimcə, ən yaxşı halda Paşinyan kilsəni parçalamağa, diasporu yenidən bölməyə nail olacaq”. Qeyd edək ki, kilsə və ona bağlı ideoloji çevrələr onilliklərdir Türkiyə və Azərbaycandan gələn təhlükə mifini qəsdən diri saxlayır. Bu, iki məqsədə xidmət edir: xalqı qorxu içində saxlayaraq siyasi nəzarəti gücləndirmək; diasporadan maliyyə axınını təmin etmək. Beləliklə, “düşmən obrazı” kilsənin iqtisadi və ideoloji dayağına çevrilib. Düşmən olmayanda nə milli birləşmə, nə də ianə axını qalır. Paşinyanın bunu dağıtması kilsəni ciddi narahat edir. Kilsənin Paşinyanın konstitusiya islahatlarına qarşı çıxmasının əsas səbəbləri bunlardır: Xüsusi statusu itirsə, nə siyasi səlahiyyət, nə də maliyyə imtiyazları qalacaq; Türkiyə və Azərbaycanla normallaşma prosesi “milli təhlükə” ideyasını məhv edəcək; Yeni konstitusiya kilsəni milli kimliyin inhisarından məhrum edəcək. Görünən odur ki, proseslər məhz bu istiqaətdə də inkişaf edir.
Tahir TAĞIYEV