Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası noyabrın 3-də davam etdirilib.
Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmədə çıxış üçün dövlət ittihamını müdafiə edən prokurorlara söz verilib. Qeyd edək ki, ötən məhkəmə iclasında tərəflər məhkəmə istintaqının yekunlaşmasına etiraz etmədiklərini, təqdim və tədqiq edilən sübutlarla kifayətləndiklərini bildirmişdilər. Dövlət ittihamını müdafiə edən prokurorlar isə çıxış üçün noyabrın 3-dək onlara vaxt verilməsini məhkəmədən xahiş etmişdilər.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışında bildirib ki, bir ilə yaxın müddət ərzində 100-ə yaxın məhkəmə iclası keçirilib. 500 saatdan artıq müddət ərzində sənədlər və sübutlar tədqiq olunub.