RU

Dünya Bankı ölkəmizdəki iqtisadi dinamikanı yüksək qiymətləndirir

Son bir neçə ildir dünya iqtisadiyyatının inkişaf dinamikasında ciddi bir geriləmə müşahidə olunur. Birinci zərbəni qlobal iqtisadiyyata koronavirus pandemiyası vurmuşdu. Dünya iqtisadiyyatının təchizat zənciri qırılmış, ticarətin həcmi əhəmiyyətli dərəcədə azalmış, məhsul satışında baş verən geriləmə istehsalın həcminin kiçilməsinə səbəb olmuşdu.

İkinci və başlıca səbəb isə dünyada baş verən geosiyası proseslərdir. Qərbin dünyanı təkqütblü idarəetmə cəhdləri ciddi müqavimətə rast gəldi. Bu işdə xüsusən ABŞ-nin sabiq Prezidenti Co Baydenin apardığı aqressiv siyasət mühüm rol oynadı. ABŞ siyasi hədəflərinə çatmaq üçün iqtisadi təzyiq mexanizmlərdən - sanksiyalardan geniş istifadə etməyə başladı. Və bununla qlobal səviyyədə qarşılıqlı sanksiyalar dövrü başlandı və bu proses indi də davam edir. 

Məlum olduğu kimi, iqtisadi inkişafın təməlində duran əsas amillərdən biri investisiya qoyuluşudur. Amma sanksiyalar ucbatından dünya üzrə maliyyə sistemində bir durğunluq yaranıb. Banklar gəlirlərini əsasən investisiya qoyuluşunda əldə edir və bu imkanın məhdud olması qlobal səviyyədə bank-maliyyə sistemində də gəlirlərin azalmasına səbəb olub.

Azərbaycan liberal iqtisadiyyata malik ölkələrdəndir. Yəni dünya iqtisadiyyatına inteqrasiya olunub və o səbəbdən qlobal bazarda baş verən neqativ təsirlərdən tam sığortalanmayıb. Ancaq ölkəmizdə vaxtında icra edilən iqtisadi islahatlar ölkədə dayanıqlı inkişafın qorunub saxlanılmasına imkan verib. 

Düzdür, ölkə üzrə gəlirlərin əldə olunmasında neft-qaz sənayesi özünün üstün mövqeyini qoruyub saxlayır. Lakin qeyri-neft-qaz sektorundan gələn gəlirlərin həcmi də ildən-ilə artır. Bu, ixracda da özünü göstərir və qeyri-neft-qaz sektorunda ixracın həcmi artdıqca ölkənin maliyyə imkanları genişlənir. Hazırda Azərbaycanın valyuta ehtiyatı 80 milyard dollar civarındadır. Bu, 10 milyonluq əhalisi olan ölkə üçün böyük rəqəmdir.           

Azərbaycanın yüksək iqtisadi göstəriciləri xarici sərmayədarlar üçün cəlbedici olaraq qalır və ölkəmizdə bir çox layihəyə iri məbləğdə xarici investisiya qoyulur. Biz bunu xüsusən "yaşıl enerji" sahəsinə ayrılan vəsaitlərdən aydın görürük. Bütün bunlar beynəlxalq bank və  maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankının Azərbaycan üzrə ilk dövr üçün Ölkə İqtisadi İcmalının təqdimatından da bunu aydın görə bilərik. 

Qeyd edək ki, Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı (AÖİİ) ildə iki dəfə dərc olunan hesabatdır. Sənəd ölkədəki son iqtisadi hadisələri və perspektivləri əhatə edir. İki hissədən ibarət olan hesabatda qeyd olunur ki, Azərbaycan son 10 ildə qlobal və regional sarsıntılara qarşı əhəmiyyətli dayanıqlıq nümayiş etdirmişdir. Rəqabət Məcəlləsinin qəbulu, əhəmiyyətli vergi islahatları, lisenziya və icazələrin alınması prosedurlarının sadələşdirilməsi, əmək münasibətlərində şəffaflaşma və biznes mühitindəki çağırışların həlli istiqamətində atılan digər addımlar sahibkarlıq fəaliyyətinin dəstəklənməsində mühüm rol oynamışdır. Ölkədə reallaşdırılan iqtisadi islahatlar, Cənubi Qafqazda strateji mövqeyi və zəngin enerji resursları güclü iqtisadi artımı və yoxsulluğun əhəmiyyətli dərəcədə azalmasını təmin etmişdir. Hökumətin makroiqtisadi sabitliyə verdiyi önəm ölkəyə dəyişkənliklərə, o cümlədən 2015-ci ildəki neft qiymətləri şoku və COVID-19 pandemiyasına qarşı mübarizə aparmağa, fiskal və xarici ticarət profisitlərini, aşağı dövlət borcunu və əhəmiyyətli makroiqtisadi ehtiyatları qoruyub saxlamağa imkan vermişdir.

Dünya Bankının təhlili göstərir ki, 2025-ci ilin ilk yarısında neft-qaz sektorunda 3,2 faizlik daralma müşahidə olunsa da, qeyri-neft sektorunda artım 3,9 faiz təşkil edib. Tikinti, nəqliyyat, İKT və pərakəndə ticarət sahələrində fəaliyyət normallaşıb, kənd təsərrüfatı və turizm sahələri artım tempini qoruyub saxlayıb.

Sənəddə həmçinin qeyd olunur ki, iyun ayının sonuna doğru daxili və xarici təzyiqlərin azalması ilə inflyasiya bir qədər aşağı düşüb və illik inflyasiya 4,8 faizə enib. Bu göstərici Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun (4 ± 2 faiz) mərkəz nöqtəsinə yaxındır.

Hesabata görə, xarici və fiskal balanslar əhəmiyyətli profisitlərə malikdir, baxmayaraq ki, neft-qaz gəlirlərinin azalması bu göstəriciləri bir qədər zəiflədib. Makroiqtisadi ehtiyatlar güclü olaraq qalır: Dövlət Neft Fondu (ARDNF) ehtiyatları 13,2 faiz artaraq 65 milyard dollara (ÜDM-in 88 faizi) çatıb, Azərbaycan Mərkəzi Bankının ehtiyatları isə 11,5 milyard dollara qədər yüksəlib ki, bu da 5,6 aylıq idxala bərabərdir.

Gələcəyə baxışda, iqtisadi artımın 2025-2027-ci illər arasında orta hesabla 1,7 faiz səviyyəsində qalacağı proqnozlaşdırılır. Bu, neft qiymətlərinin azalması fonunda fiskal siyasətin sərtləşməsi ilə bağlıdır. İnflyasiyanın Mərkəzi Bankın hədəf diapazonunda qalacağı gözlənilir. Risklərə uzunmüddətli aşağı artım və enerji qiymətlərində daha kəskin azalma daxildir. Qısamüddətli risklərə qarşı ehtiyatlar kifayət qədər olsa da, uzunmüddətli dayanıqlıq iqtisadiyyatın struktur islahatları vasitəsilə şaxələndirilməsi səylərinin uğuruna bağlı olacaq.

İcmalda qeyri-neft sektoruna investisiya qoyuluşları və onun artımına təsir edən məsələlər də geniş əhatə olunub. İnvestisiya səviyyələri ÜDM-in təxminən son illərdə 20 faizədək hissəsini təşkil edir. Bu, əsasən, neft-qaz gəlirlərinin azalması fonunda dövlət investisiyalarının azalması ilə bağlıdır. Yerli özəl investisiyalar əsasən daxilə yönəlmiş sahələrdə, məsələn, tikintidə cəmlənib.

Hesabatda özəl sektorun potensialından faydalanmaq üçün struktur islahatlarının vacibliyi vurğulanıb. Bu islahatlar siyasi sabitliyin artırılması, bərabər rəqabət mühitinin təkmilləşdirilməsi, maliyyə resurslarına çıxışın genişləndirilməsi və məhkəmə sisteminin gücləndirilməsini əhatə edir.

Beynəlxalq səviyyədə etimad göstərilən Dünya Bankının təhlili bir daha sübut edir ki, ölkədə icra olunan islahatlar milli iqtisadiyyatın inkişafında önəmli rol oynayır. Bu gün Azərbaycan dünyanın yüksək və sabit maliyyə resurslarına malik olan azsaylı ölkələrdəndir. 

Rüstəm KAMAL,

"Azərbaycan"

Избранный
20
1
azerbaijan-news.az

10Источники