RU

Zəfər - qürurumuzun, varlığımızın və birliyimizin simvolu

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa 8 noyabr Zəfər Günü ilə bağlı xalqımza təbrik ünvanlayıb. Təbrikdə deyilir:

"Əziz həmvətənlər, 

Bu günlər biz tariximizn ən şanlı səhifələrindən birini-8 Noyabr Zəfər Gününün 5 ildönümünü qürur və iftixar hissi iə qeyd edirik. Bu gün, sadəcə bir təqvim günü deyil. 8 Noyabr Zəfər Günü - Azərbaycan xalqının tarixin tozlu səhifələrindən qalxaraq, öz varlığını, öz mənliyini bir daha dünyaya bəyan etdiyi gündür.

Bu gün Azərbaycan xalqının alnına yazılmış şərəf, qürur və yenilməz iradə günüdür.

Bu qələbə torpağın qələbəsi qədər, ruh və yaddaşın qələbəsidir. Çünki torpaq yalnız üzərində azad ruh gəzəndə vətən adlanır. Biz o torpaqlara yalnız bayrağımızı deyil, mənəvi varlığımızı, sözümüzü, düşüncəmizi qaytardıq.

Otuz ilə yaxın müddətdə ürəyimizdə daşıdığımız nisgil, işğalın acısı, didərgin düşmüş insanların həsrəti, şəhid analarının göz yaşı bu gün qələbənin sevinci, ədalətin təntənəsi, Vətənin yenidən bütövləşməsi ilə əvəz olunub. Bu gün üçrəngli bayrağımızın Şuşa, Xankəndi səmalarında dalğalanması, təkcə torpağın azadlığı deyil - millətin ruhunun dirilişidir! Bəli, bu zəfəri biz birliklə, inamla, sevgi ilə qazandıq.

Əsgərimizin cəsarəti, zabitimizin peşəkarlığı, xalqımızın dua dolu ürəyi, Ali Baş Komandanın uzaqgörənliyi və dəmir iradəsi bir amal ətrafında birləşdi - Azərbaycan qalib gəldi!

Şəhidlərimizin qanı ilə suvarılmış torpaqlarımız bu gün yenidən həyata qovuşur. Laçının mehi, Kəlbəcərin bulağı, Füzulinin səssiz dağları indi azad nəfəs alır. Hər daşın, hər ağacın, hər qarış torpağın altında qəhrəmanlıq, mərdlik, sevda yatır. Biz bu torpağa baxanda sadəcə təbiəti deyil, öz tariximizi, öz şəhidlərimizi görürük. Bu gün hər bir Azərbaycan vətəndaşı fəxrlə deyir:  

"Mən qalib bir xalqın övladıyam!" Bu söz təkcə qürur deyil, həm də məsuliyyətdir.

Unutmayaq: Qalib millət olmaq anlıq hadisə deyil, davamlı inkişaf, düşüncə və vicdanın vəhdətidir.

Bu vəhdəti qorumaq, elm və mədəniyyətin gücünü Vətənə xidmətə çevirmək - hər bir ziyalının, hər bir alimin, hər bir gəncin borcudur.
Çünki biz bu qələbəni qorumaq, yaşatmaq, gələcək nəsillərə ötürmək borcundayıq. 

Bu gün biz Zəfəri qeyd etməklə yanaşı, öz iç dünyamızda da bir zəfər qazanmalıyıq - nifrətə qalib gəlmək, birliyimizi  qorumaq, insanı sevmək zəfəri. Çünki hər bir millətin gələcəyi onun mənəvi gücü ilə ölçülür.

Zəfər bizə yalnız torpaq deyil, milli birliyin dəyərini, Vətən sevgisinin gücünü, azadlığın qiymətini öyrətdi.Bu gün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların qanı bahasına yazılan bu zəfəri dillər söyləyəcək, tarix yadda saxlayacaq. Qoy Zəfər Günü bizə yalnız qürur deyil, məsuliyyət və hikmət gətirsin.

Və nə qədər ki bu xalq var, bu torpaq var - Azərbaycanın Zəfər günü əbədi yaşayacaq! Qoy qalib xalqımızın ruhu heç vaxt sönməsin!

Zəfər Günümüz mübarək, Azərbaycan!

Yaşasın müzəffər xalqımız, müstəqil dövlətimiz!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
54
olaylar.az

1Источники