RU

Azərbaycanda boşanmaların sayı niyə artır?

Son illərdə Azərbaycan cəmiyyətində mənəvi dəyərlərin zəifləməsi, əxlaqi prinsiplərin arxa plana keçməsi və sosial davranışların dəyişməsi ciddi narahatlıq doğurur. Azərbaycanda qəribə bir dəyişiklik hiss olunur. Sanki cəmiyyətin ruhu yorulub. Tez-tez eşidirik: “Əvvəl belə deyildi.” Həqiqətən də bu gün mənəvi dəyərlər, ailə bağları və insani münasibətlər əvvəlki kimi deyil. Texnologiyanın sürətli inkişafı, qlobal mədəni təsirlər və sosial media həyat tərzimizi dəyişdirdiyi kimi, mənəvi dünyamıza da təsir göstərib. Cəmiyyət getdikcə daha çox zahiri, maddi və bəzən də saxta dəyərlərə yönəlir. Gedişatın nəticəsi olaraq mənəvi boşluq, ailə münasibətlərində soyuqluq, gənclər arasında məsuliyyətsizlik və sosial laqeydlik kimi hallar kütləvi hal alır.
Disko-bar və gecə klublarında azyaşlı qızların istismarı, sosial mediada açıq-saçıq həyat tərzinin normallaşması, internet üzərindən yayılan erotik kontent gəncləri yanlış istiqamətə yönəldir. Maddi dəyərlərin mənəvi prinsipləri üstələməsi nəticəsində, cəmiyyətin təməli sayılan təvazökarlıq, ailə bağları və vicdan anlayışı arxa plana keçir.
Ailələrdə sevgi və etimad öz yerini etibarsızlığa və qarşılıqlı qısqanclığa verir. Sosial mediada təbliğ olunan “lüks həyat”, “maddi xoşbəxtlik” ideyaları ailə üzvlərini bir-birinə yadlaşdırır. Seriallar, şou-verilişlər və reklamlar gəncləri ailə məsuliyyətindən uzaqlaşdıraraq fərdiyyətçiliyi və eqoizmi önə çəkir. Nəticədə boşanmalar artır, uşaqlar diqqətsiz böyüyür və ailə dəyərləri sıradan çıxır.
Bəzi masaj salonları, otellər və əyləncə məkanları əxlaqsızlıq yuvalarına çevrilib. Bu yerlərin fəaliyyətinə göz yumulması, hüquqi və inzibati nəzarətin zəifliyi cəmiyyətdə ədalətsizlik hissini dərinləşdirir. Bu hal təkcə mənəvi deyil, həm də sosial və hüquqi problemdir.
Azyaşlıların cinsi istismarı və məktəblilərin şəxsi videolarının internetdə yayılması cəmiyyətin ən faciəvi reallıqlarından biridir. Bu hallar həm ailə nəzarətinin, həm də hüquqi mexanizmlərin zəifləməsini göstərir. Unutmayaq ki, uşaqların təhlükəsizliyi və psixoloji rifahı cəmiyyətin gələcəyinin göstəricisidir.
Ən təhlükəli hal odur ki, cəmiyyət bu hallara alışır. Artıq insanlar sosial mediada əxlaqsızlıq, zorakılıq və təhqir dolu videolara təəccüblənmir. Etiraz refleksi zəifləyib, laqeydlik isə normaya çevrilib. Bu isə mənəvi böhranın ən dərin mərhələsidir.
Əziz aidiyyəti üzrə qurumlar, media mənsubları, QHT-lər, analar, atalar !
Biz də bu cəmiyyətin bir parçasıyıq. Sizlər də bu cəmiyyətdə övladlar yetişdirirsiniz. Çox gec olmadan əl-ələ verək və bu cəmiyyəti uçurumdan geri qayataraq.
Ailə institutunun bərpası Ailə cəmiyyətin sütunudur. Onun qorunması üçün dövlət və ictimai təşkilatlar birgə fəaliyyət göstərməlidir. Gənc ailələr üçün psixoloji və sosial dəstək proqramları, ailə dəyərlərini təbliğ edən maarifləndirici layihələr həyata keçirilməlidir. Uşaqlar ailə daxilində sevgi, hörmət və vicdan prinsipləri ilə böyüməlidir.
Məktəblərdə təkcə bilik deyil, həm də şəxsiyyət formalaşmalıdır. Mənəvi tərbiyə, sosial məsuliyyət və vətənpərvərlik dərsləri gənclərdə daxili mədəniyyət yaradar. Müəllimlər bu prosesdə nümunə olmalı, məktəblər isə təkcə tədris deyil, həm də tərbiyə ocağına çevrilməlidir.
Televiziya və sosial media yalnız əyləncə üçün deyil, həm də tərbiyə vasitəsi kimi işləməlidir. Əxlaqsızlıq, saxta həyat tərzi və zorakılıq təbliğ edən proqramlara qarşı ciddi senzura tətbiq edilməlidir. Bunun əvəzində ailə birliyini, mənəviyyatı, milli dəyərləri önə çəkən layihələrə dəstək verilməlidir.
Əxlaqsızlıq yuvalarının bağlanması, cinsi istismara qarşı sərt cəzaların tətbiqi və azyaşlıların müdafiəsi üçün hüquqi sistem gücləndirilməlidir. Qanunlar yalnız kağız üzərində deyil, real həyatda işləməlidir.
Din mənəvi tərbiyənin mühüm dayağıdır. Lakin ifrat və ya radikal formada deyil, müasir və humanist tərzdə təbliğ edilməlidir. İnsanlara qorxudan yox, sevgi və mərhəmətdən doğan iman aşılanmalıdır.
Əxlaqi sabitlik sosial ədalətlə sıx bağlıdır. Yoxsulluq, işsizlik və sosial ədalətsizlik insanların mənəvi zəminini zəiflədir. Gənclər üçün məşğulluq imkanları yaradılmalı, ədalətli iqtisadi sistem formalaşdırılmalıdır.
Ən vacib amil fərdi məsuliyyətdir. Hər kəs ailə başçısından tutmuş sosial media istifadəçisinə qədər, mənəvi dəyərlərin qorunmasında pay sahibidir. Valideyn övladına, müəllim şagirdinə, jurnalist oxucusuna qarşı məsuliyyət daşımalıdır. Mənəviyyatın dirçəlişi yalnız dövlətin deyil, hər bir insanın vicdan məsələsidir.
Asim Vəliyev
Избранный
30
veteninfo.az

1Источники