BAKI, 4 noyabr. TELEQRAF
Mərkəzi Bank tərəfindən maliyyə institutları üçün cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində növbəti silsilə təlimlər keçirilib
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, oktyabrın 29-30-daMərkəzi Bank tərəfindən “Müştəri uyğunluğu tədbirlərinin tətbiqi” və “İnstitusional risk qiymətləndirməsi” mövzularında onlayn formatda təlimlər keçirilib.
Təlimlərdə bank olmayan kredit təşkilatları, investisiya şirkətləri, həyatın yığım sığortası ilə məşğul olan sığortaçılar, təkrarsığortaçılar, sığorta vasitəçiləri, ödəniş pul təşkilatları, elektron pul təşkilatları, maliyyə lizinqi xidmətləri göstərən şəxslər və lombardların əməkdaşları iştirak edib.
Bununla yanaşı, oktyabrın 31-də valyuta mübadiləsi məntəqələrinin əməkdaşları üçün “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) üzrə qanunvericiliyin tələbləri” mövzusunda Mərkəzi Bankda canlı formatda təlim təşkil olunub.
Keçirilən silsilə təlimlərdə müştəri uyğunluğu tədbirlərinin tələbləri, institusional risk qiymətləndirməsinin metodologiyası, həmçinin ümumilikdə ƏL/TMM sisteminin mahiyyəti və qanunvericiliyin digər tələbləri üzrə geniş müzakirələr aparılıb.