RU

Azərbaycan-İran münasibətlərinə dair səfir və deputatdan ümidverici proqnozlar

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Naxçıvanda səfərdə ikən yerli mediaya bir sıra açıqlamalar verib. Səfir bildirib ki, Azərbaycanın qələbəsi həm iqtisadi, həm də digər sahələr üzrə ikitərəfli əlaqələrdə yeni imkanlar yaradıb:

“Azərbaycan-İran münasibətlərində Naxçıvan mühüm yer tutur. Xatırlayıram ki, 1992-ci ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin İrana səfəri çərçivəsində çox böyük razılaşmalar əldə olundu. Həmin razılaşmalar əsasında əlaqələr çox inkişaf edib. Eyni zamanda, Azərbaycanın Qələbəsi və işğal olunmuş torpaqların azad edilməsi ikitərəfli əlaqələrdə yeni imkanlar yaradıb. Biz çalışmalıyıq ki, bu yeni şəraitdə yaranan imkanlardan səmərəli istifadə edərək iki xalqı bir-birinə daha da yaxınlaşdıraq, iki dost və qardaş ölkənin əlaqələrini daha da dərinləşdirək”.

MMMMMMMMMM.jpg

Diplomat həmçinin, vurğulayıb ki, Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı müxtəlif sahələr üzrə müsbət razılaşmalar əldə edilib:

“Azərbaycan və İran prezidentləri arasında möhkəm dostluq münasibətinin qurulduğunu vurğulayıb. Bildiyiniz kimi, son bir neçə ay ərzində İran Prezidenti Məsud Pezeşkian iki dəfə Azərbaycana səfər edib - birinci dəfə Bakıya, ikinci dəfə isə Xankəndiyə. Bu səfərlər və keçirilən görüşlər nəticəsində çox müsbət razılaşmalar əldə olunub, münasibətlər daha da möhkəmlənib. Həmin razılaşmalar həm iqtisadi, həm də digər, o cümlədən siyasi əlaqələrə aiddir. Bu da onu göstərir ki, mövcud imkanlardan səmərəli şəkildə istifadə etmək zəruridir. Tam əminliklə deyə bilərəm ki, hazırda siyasi və digər sahələrdə əlaqələrimiz düzgün istiqamətdə, sağlam şəkildə inkişaf edir. Gələcəkdə isə bu münasibətlərin daha da inkişaf edəcəyinə inanırıq”.

Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov Musavat.com-a səfirin fikirlərini şərh edib.

ceyhun.jpg

Deputat hesab edir ki, İran-Azərbaycan münasibətləri yeni mərhələyə daxil olub:

“Uzun müddət ölkələrimiz arasında ciddi gərginlik müşahidə olundu, hətta müəyyən dövrdə gərginlik pik həddə çatmışdı. Bunun səbəbi davamlı qarşılıqlı ittihamlar, hərbi təlimlər, səfirliyimizə hücum və s. idi. Hazırda isə biz yeni mərhələyə daxil olmuşuq, əlaqələr sürətlə inkişaf edir. Nəzərə almaq lazımdır ki, İran bizim tarixi qonşumuzdur, tərəflər əlaqələrin inkişafına önəm veriblər. Həm Ulu Öndərin, həm cənab Prezidentin hakimiyyəti illərində bu istiqamətdə xüsusi diqqət görmüşük. Azərbaycan əlaqələrin inkişafında maralıdır. Ölkəmiz prosesə öz töhfəsini verir. Son zamanlar İranın yanaşmasında müəyyən dəyişiklik müşahidə olunur. İran müəyyən mənada ritorikasını dəyişib, Azərbaycana qarşı tamamilə fərqli mövqe, qətiyyətli yanaşma ortaya qoyur. İranın siyasətində bu tendensiyanı aydın görürük”.

C.Məmmədov İranın hazırkı prezidentinin roluna diqqət çəkib:

“İranın hazırkı prezidenti müsbət yanaşma ilə müşayiət olunan açıqlamalar verir. Təbii ki, cənab Prezidentin də rolunu qeyd etməliyik. Azərbaycan da prosesdə öz rolunu oynayır. İnanırıq ki, İran tərəfi bu mövqeyini qoruyacaq və Azərbaycan-İran münasibətləri yeni mərhələyə daxil olacaq. Bölgənin inkişafı bütün dövlətlər arasında əlaqələrin inkişafından və güclənməsindən asılıdır, bu istiqamətdə bütün tərəflər məsuliyyət daşıyır.

Nigar HƏSƏNLİ,
Musavat.com

Избранный
22
musavat.com

1Источники