"Qarabağ" "Çelsi" ilə matçda mübariz oyun göstərmək istəyir.


Rekord.az xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında açıqlama verib.


53 yaşlı mütəxəssis Bakıda İngiltərənin "Çelsi" klubuna qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan əvvəl fikirlərini bölüşüb:


"Bizi maraqlı oyun gözləyir. Güclü komandaya qarşı oynayacaq. Böyük klubları, yaxşı futbolçuları Bakıda görmək azarkeşlər üçün stimuldur. Oyunçularıma inanıram".


Təcrübəli baş məşqçi rəqibin Bakıda açıq məşqə çıxmamasına toxunub:


"Bunun böyük klublara təsir edəcəyini düşünmürəm. Bu cür hallarla çox üzləşiblər. Oyun günü meydana çıxmaq onlara problem yaratmamalıdır. Bizdə də oxşar proqram olub. İngiltərə ilə saat fərqi var. "Çelsi" işinə ciddi yanaşan komandadır".


Q.Qurbanov rəqibin heyətindəki itkilərlə bağlı danışıb:


"Belə komandaların 1-2 futbolçusunu müzakirə etmək olmaz. Onlar qarşılarına böyük hədəflər qoyurlar və heyətləri çox genişdir. Sadəcə, oyun sistemlərinə uyğunlaşmalıyıq. Böyük komandalara qarşı qalibiyyət çox önəmlidir. Biz hazırda kiçik futbol ölkəsi kimi tanınırıq. İngiltərə klubları ilə qarşılaşmalarda qələbəmiz yoxdur. Heç-heçə də etməmişik. İngiltərə Premyer Liqasının səviyyəsi tam başqadır. Sadəcə, bu cür komandalara qarşı inamlı oynamalı və yaxşı mübarizə aparmalıyıq".


Mütəxəssis 2017-ci ildə də "Çelsi" ilə üz-üzə gəldiklərini xatırladıb:


"Futbol çox inkişaf edib. Həmin vaxt zəif cəhətlərimiz çox idi. İndi isə təcrübəmiz artıb. Buna baxmayaraq, rəqib daha çox inkişaf edib. Bu da bizim üçün təhlükədir. Bakıda klublararası dünya çempionuna qarşı oynamaq bizim üçün stimuldur. Fərq böyük olsa da, mübarizə aparmağa çalışacağıq".


Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.